“Problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır”
“Rusiya ilə Ukrayna arasında münasibətlərin pozulması məsələsini hansı qüvvələrin etməsi fikri ritorikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, əslində məsələnin kökünə baxdığımızda məhz bu problemin kökündə Rusiyanın işğalçılıq siyasəti dayanır: “Rusiya dövləti Ukraynanın bir dövlət kimi mövcudluğuna maraqlı deyil. Müxtəlif bəhanələrlə özünün təhlükəsizlik qayğılarını da irəli sürərək Ukraynaya hücum edib və onun ərazilərini işğal edib, etməkdədir. Məhz bu baxımdan burada birbaşa günahkar ölkə Rusiyadır. Bu savaşın başlanmasında maraqlı olan qüvvələr olub. Təbii ki, var. Qərb ölkələri, Amerika Birləşmiş Ştatlarının keçmiş administrasiyaları həm də bir formada Rusiya-Ukrayna arasındakı münasibətlərin qızışdırılmasında kifayət qədər aktiv rol oynayırlar. Amma bütün bunlara baxmayaraq bu savaşda əsas günahkar məhz Rusiyadır, Rusiyanın imperiya ambisiyalarıdır. Ukraynanın bir dövlət kimi müstəqilliyini həzm edə bilmirlər. Davamlı şəkildə Ukraynanın müstəqilliyi dövründə onun daxili işlərinə qarışmaq cəhdləri gedir.
Rusiya ilə Ukraynanın sülh danışıqları arasında ziddiyyətlər vardır. Rusiya hesab edir ki, öncə danışıqlar aparılmalı, sonra atəşkəs imzalanmalıdır. Ukrayna isə tam əksini iddia edir – öncə atəşkəs imzalanmalı, sonra danışıqlar aparılmalıdır. Ukrayna ilk növbədə 1 aylıq atəşkəsin imzalanmasını istəyir. Türkiyədə danışıqlar aparılsa belə, fikrimcə, atəşkəs imzalanmayacaq, çünki hər iki tərəfin məqsədi fərqlidir”.