“Türk Dövlətlər Təşkilatı artıq Türk dünyasının ən strateji qurumu oldu”
“Türk Dövlətləri Təşkilatı artıq Türk dünyasının ən strateji qurumuna çevrilib. Xüsusilə Türkiyə və Azərbaycanın lokomotiv rolu oynadığı sinerji nəticəsində, son olaraq Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasında imzalanması ilə Türk Dövlətləri Təşkilatında nümunəvi bir birlik formalaşdı”. Bu sözləri SİA-ya açıqlamasında Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuzaslan deyib.
Onun sözlərinə görə, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə ortaya qoydular: “Yeni reallıq Türk Dövlətləri Təşkilatıdır.” İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı bu gün müstəqil Türk dövlətləri üçün Türk Dövlətləri Təşkilatında reallığa çevrilmiş vəziyyətdədir: “Türkmənistanın, Macarıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi üzv kimi qatılması təşkilatın inkişafında mühüm addım oldu. Xüsusilə Xəzər bölgəsində enerji strategiyalarının formalaşması ilə Türk Dövlətləri Təşkilatının vahid enerji strategiyası meydana çıxıb. Bu strategiyanın əsas məqsədi Türk birliyinin – yəni siyasi bir Türk birliyinin yaradılmasıdır.
Bu proses Avropa İttifaqı kimi vahid siyasi qurum modelinə, həmçinin gələcəkdə NATO nümunəsində olduğu kimi ortaq təhlükəsizlik sistemlərinə və bəlkə də ortaq təhlükəsizlik təşkilatına doğru inkişaf edir. Burada Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra torpaqlarının işğaldan azad olunması yeni bir dövrün başlanğıcı oldu. Türk dünyasında güvən hissi yarandı.
Ən vacib məqam isə Türk Dövlətləri Təşkilatının ortaq strateji xəttinin və məqsədlərinin müəyyən edilməsidir”.