Siyasət

Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub


Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, milli məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir qeyd edib ki, 26 may 1918-ci il Gürcüstanın müstəqil, demokratik və hüquqi dövlət kimi formalaşmasının əsasını qoyan tarixi gün kimi yadda qalıb:

“26 may 1918-ci il Gürcüstanın siyasi sistemini müəyyən edən və ölkənin gələcək inkişafına əsas yaradan ən mühüm tarixlərdən biri oldu. 107 il əvvəl Gürcüstanın siyasi elitası və cəmiyyəti Demokratik Gürcüstan Respublikasının yaradılması barədə qərar qəbul etməklə dövlətçilik ənənələrinin bərpasına nail oldular. Bu, gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq əzminin ən parlaq ifadəsi idi”.

Daha sonra səfir Gürcüstan, suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Azərbaycan və onun siyasi rəhbərliyinə təşəkkür edib, regional sülh və sabitliyin qorunması üçün əməkdaşlığa tam hazır olduğunu bəyan edib.

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb. Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən Sahibə Qafarova bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olmuş, dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləyiblər: “XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır. Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.”