“Dönər satılan yerin ümumi görünüşü çox şey deyir”
“Yay aylarının yaxınlaşması ilə qida zəhərlənmələri halları da artmağa başlayır. Hazır dönər məhsulları əgər sanitar normalara uyğun hazırlanmazsa və saxlanma temperaturu qorunmazsa, qısa zamanda təhlükəli bakteriyaların çoxalması üçün ideal mühitə çevrilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Asim Vəliyev sözlərinə belə davam edib: “Dönər alarkən diqqət etməli olduğumuz məqamlar var. Dönər satılan yerin ümumi görünüşü çox şey deyir. Çirkli döşəməsi, tozlu səthləri, açıqda qalan məhsulları və natəmiz geyimdə olan işçiləri olan məkandan qəti şəkildə dönər alınmamalıdır. Satıcıların əllərində əlcək, başlarında papaq, geyimlərində xüsusi iş geyimi olmalıdır.
Təzə dönər əti tünd qırmızı və ya açıq qəhvəyi rəngdə olur. Əgər ət çox tünd və ya qeyri-təbii rəngə malikdirsə, onun bir neçə dəfə dondurulub əritmə prosesi keçirmə ehtimalı var. Bu isə mikrobioloji risklər yaradır.
Ətdən turş, kəskin və ya acımtıl iy gəlirsə, bu artıq onun xarab olduğunun göstəricisidir.
Dönər alarkən diqqət yetirilməli əsas məqam ətin daxilə qədər yaxşı bişməsidir. Təkcə üzəri qızarmış, içi isə yarıbişmiş dönərlər salmonella, kampilobakter və E.coli kimi bakteriyalarla yoluxa bilər. Bu bakteriyalar ishal, qusma, yüksək temperatur, bəzən isə həyati təhlükə ilə nəticələnən infeksiyalar törədir.
Havalar isindikcə çöldə və ya zəif soyuducu ilə saxlanılan dönər məhsulları maksimum 2 saatdan artıq qaldıqda təhlükəli səviyyədə mikroorqanizmlərin inkişafına şərait yaradır. Əgər dönər cihazda uzun müddət eyni vəziyyətdə fırlanmadan qalırsa, bu məhsulun təzə olmadığını göstərir. Həmçinin, səhər qalan dönərin təkrar qızdırılıb satışa çıxarılması çox təhlükəlidir.
Dönərlə birlikdə təqdim olunan souslar (mayonez, ketçup və ya qatıq əsaslı qarışıqlar) ən sürətli xarab olan qida komponentlərindəndir. Onların ev şəraitində və ya düzgün soyuducu olmadan saxlanması qısa zamanda toksinlərə səbəb ola bilər. Sousun qoxusu, rəngi və dadı dəyişibsə, heç bir halda dönər alarkən işlənmiş ətin və ya yağın yığışdırılıb-yığışdırılmadığını müşahidə etsək yaxşı olar. Tərəvəzlər (pomidor, kələm, göyərti) soyuducuda saxlanılmalı, təmiz suda yuyulmalıdır. Satıcı ilə ünsiyyətdə, onun gigiyena qaydalarına əməl edib-etmədiyini müşahidə etmək vacibdir.
Qida zəhərlənmələrinin qarşısını almağın əsas yolu şüurlu seçim, gigiyenik müşahidə və şəxsi təhlükəsizlik qaydalarına əməl etməkdir. Dönər kimi sürətli hazırlanan, lakin çox həssas olan məhsullarda bir neçə saatlıq məsuliyyətsizlik belə bütün orqanizmə zərər verə bilər”.
Ayşən Vəli