Sosial

FHN Yevlax, Zərdab və Goranboyda seminar-müşavirələr keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Aran Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax, Zərdab və Goranboy rayonlarında “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirələr keçirilib. SİA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

Seminar-müşavirələrdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov tədbirlərdə çıxış edərək, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən söz açıb. O, FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Nazirliyin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Tədbirlərdə yerli icra hakimiyyətlərinin başçılarının birinci müavinləri – Fövqəladə Hallar Komissiyasının sədrləri fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti orqanları ilə müvafiq qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıblar.

Seminar-müşavirələrdə çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və mülki müdafiənin hazırkı vəziyyətindən və digər məsələlərdən söz açılıb.

İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirələrdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.