“Söhbət onların fəaliyyətini çərçivəyə salmaqdan getmir”
“Bloggerlərlə bağlı yeni qərarın verilməsi və artıq qüvvəyə minməsi ilk baxışda bir ajiotaj yaradır. Amma əslində, mahiyyətinə baxanda görürsən ki, burada əndişələnəcək xüsusi hallar yoxdur. Söhbət ondan gedir ki, blogger öz fəaliyyətində Azərbaycan mövcud qanunvericiliyinə uyğun hərəkət etməlidir. Söhbət onların fəaliyyətini çərçivə salmaqdan getmir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.
Yadigar Məmmədli sözlərinə belə davam edib: “Söhbət hər hansı məsələ ilə bağlı məzmun və kontentdən gedir. Yəni, kontent elə olmalıdır ki, blogerrin hansı bir fəaliyyəti reklam xarakterlidirsə, hər hansı bir məsələ ilə bağlı marağı varsa, təbii ki, həmin reklamı və yaxud da sponsor fəaliyyətini yazısında qeyd eləməlidir.
Əvəllər bloggerlər reklam, məhsul reklam edirdilər. Yəni, hər hansı bir sponsorların fəaliyyətini yayırdılar. Əvvəllər bu reklam haqqında qanun və sponsor haqqında qanunun müvafiq qaydalarının pozulması anlamına gəlirdi.
Bloggerlər yazılarında və ya paylaşımlarında əgər kontent reklam, sponsorluq və ya hər hansı bir xidməti önə çəkmək məqsədi daşıyırsa, bu cür məzmunların açıq şəkildə qeyd olunması vacibdir. Əks halda, bu cür məzmunlar gizli reklam kimi qiymətləndirilə bilər və hüquqi nəticələrə səbəb ola bilər. Buna görə də kontent yaradıcılarının diqqətli olmaları və qaydalara uyğun davranmaları önəmlidir. Əks halda cərimə və digər cəzalara məruz qala bilərlər.
Bu cür tənzimləmələr bir çox ölkədə rəqəmsal reklamçılıqda şəffaflığı artırmaq məqsədilə tətbiq olunur. Xüsusilə sosial media və blog mühitində “sponsorlu məzmun” və ya “əməkdaşlıq” qeydinin açıq şəkildə göstərilməsi gözlənilir”.
Ayşən Vəli