Sosial

“Azərbaycanım” VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində qaliblər mükafatlandırılıb


Xətai Rayon İcra Hakimiyyəti, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi, Xətai Sənət Mərkəzinin və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 may-Müstəqillik Gününə həsr edilmiş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. SİA xəbər verir ki, 28 May-Müstəqillik Gününə həsr olunmuş festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın 13-dən 16-dək Xətai Sənət Mərkəzində açılıb. Mövzusu güllər olan müsabiqəyə 2 minə yaxın 8-21 yaş arasında Azərbaycan gəncləri ilə yanaşı, ABŞ, Türkiyə, Rusiya, Belarus, Türkiyə, İran, Qazaxıstan, Çin, Peru, Hindistan və Miyanmar vətəndaşları da qatılıb. Bu sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb.

Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev müstəqillik tariximizin Zəfər səhifələrindən ətraflı danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin edib. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edib. Dünyada Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın nüfuzu gündən-günə daha da artır. Dünyaya günəş kimi doğan Azərbaycan hazırda tarixi Zəfərinin reallıqları ilə diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanın zəngin dövlətçilik tarixindən bəhs edib: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas çağırışlarından biri müasir, müstəqil, qalib Azərbaycan üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaqdır. Müstəqillik tariximizi vərəqlədikcə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, fəaliyyətinin Naxçıvan mərhələsi xüsusi qeyd olunur. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə yeni Azərbaycan qurub yaratdı, onun müstəqilliyini daimi və sarsılmaz etdi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva vurğulayıb ki, 1993-cü ildən başlanan müstəqillik yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Məhz möhkəm təməl üzərində yaradılan Azərbaycan yeni-yeni hədəflərə, Qələbədən Zəfərə doğru inamla irəliləyir. Son 20 ildən çox dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün bütün dünya azərbaycanlıları vahid ideya – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, professor, Xalq rəssamı Ağaəli İbrahimov ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlətimiz tərəfindən xüsusi qayğı göstərildiyini bildirib. Diqqətə çatdırıb ki, uşaqların və gənclərin rəssamlığa xüsusi önəm vermələri bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcıdır, ölkəmiz barədə həqiqətləri rənglərin vasitəsilə də dünyaya çatdırmağa xüsusi maraq göstərir.

Tədbir musiqi nömrələri ilə davam edib.

Sonda müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplomla, tutduqları yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.