Müstəqillik Günümüz Almaniyanın Münster şəhərində geniş qeyd olunub
28 May – Müstəqillik Günü Almaniyanın Münster şəhərində xüsusi coşqu ilə qeyd olunub. Tədbir Avropa Azərbaycan Mərkəzinin və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
SİA-nın məlumatına görə, Mərkəzdən bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Himn Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Həftəsonu məktəbinin şagirdləri tərəfindən ifa edilib. Sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qəhrəman şəhidimiz Xudayar Yusifzadənin ifa etmiş olduğu və 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilmiş “Vətən yaxşıdır” mahnısının səsləndirilməsi tədbir iştirakçılarında dərin emosional təsir yaradıb, azadlıq, Vətən, şəhidlik kimi ali dəyərlərin nə qədər müqəddəs olduğunu bir daha xatırladıb.
Filologiya və fəlsəfə elmləri doktoru, Həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük tədbirdə çıxış edərək bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmini vurğulayıb.
Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bu gün güclü dövlətimizin və xalqımızın iradəsinin rəmzi olduğunu bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan bölgənin lider ölkəsi, mühüm qlobal layihələrə imza atan güclü dövlətdir.
Həmçinin qeyd olunub ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Bu, Azərbaycanın real və tam suverenliyinin, müstəqil qərarvermə imkanlarının və milli təhlükəsizlik sisteminin uğurla formalaşmasının bariz göstəricisidir. Bu uğurun əsasını isə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti təşkil edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi torpaqlarını işğaldan azad edib, beynəlxalq arenada nüfuzunu daha da artırıb, regionda və dünyada siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Bu siyasətin nəticəsi olaraq dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir və strateji hədəflərinə ardıcıl şəkildə çatır.
Sonra Həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin Vətən, torpaq və milli kimlik mövzusunda şeirlərini deyiblər.
Tədbirə dəvət olunmuş qonaqlar, diaspor nümayəndələri və fəallar da çıxışlarında 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində şərəfli yer tutduğunu vurğulayıb, bu əlamətdar günlə bağlı təbriklərini ifadə ediblər.
Sonra musiqili və əyləncəli proqram təqdim olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.