Mərakeşdə 26-cı beynəlxalq Tatuan Ud festivalı keçiriləcək
Mayın 29-da Mərakeşin Tatuan şəhərində “Tolerantlığın şüaları” şüarı altında 26-cı Beynəlxalq Ud Festivalının açılış tədbiri keçiriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Tatuanın 2026-cı ildə Aralıq dənizi hövzəsi üzrə “Mədəniyyət və Dialoq Paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilir.
Üç gün davam edəcək festivalda müxtəlif təqdimatlar və mədəni proqramlar nümayiş olunacaq. Eyni zamanda, məşhur Çin ud aləti olan “Pipa” haqqında master-klass və Mərakeş-Əndəlus ud aləti ilə bağlı təqdimatlar olacaq, eləcə də musiqinin müşayiəti ilə şeir gecəsi keçiriləcək.
Festivalda Avstraliya, Misir, Çin, Türkiyə, İspaniya, Suriya, Mərakeş və digər ölkələrdən musiqiçilər iştirak edəcəklər.
Bundan başqa, festival çərçivəsində ud alətində ifa edən seçilən musiqiçilər təltif ediləcəklər. Həmçinin tədbirdə “Ziryab Bacarıq Mükafatı” təqdim olunacaq.