“Vergi hər bir dövlətin”qan damarıdır””
“Vergi hər bir dövlətin “qan damarıdır””. Bu sözləri SİA-ya açıqlamasında vəkil Rafiq Alışov deyib.
O bildirib ki, yəni dövlətin formalaşması, ayaqda qalması üçün büdcə vergi ilə formalaşır: “Vətəndaşların ödədikləri vergi əsasında dövlət büdcəsi formalaşır və dövlət də həmin büdcə ilə vətəndaşların sosial, təhlükəsizlik problemlərini həll edir. Buna görə də, vergi vacibdir.
Hər bir fəaliyyət göstərən sahibkar da fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, mütləq şəkildə dövlətə vergi ödəməlidir.
Kartdan karta pulun göndərilməsi vətəndaşlar, iki şəxs arasında kömək, borc üçün ola bilər. Amma hansısa ticarət sahəsi ilə məşğulsansa mütləq şəkildə gəlir görünməlidir. Gəlirin görünməsi üçün də pos-terminalın olması vacibdir. Əgər pos-terminal varsa, ödəniş artıq kartla yox, pos-terminal vasitəsilə ödənilməlidir ki, həmin gəlir dövlət tərəfindən görünsün. Dövlətin sahibkar üzərində həm də nəzarət imkanları olsun ki, sahibkar pos-terminal vasitəsilə ödənişi qəbul edib bununla da vergi ödəməlidir. Dövlətin vəzifəsi var ki, sahibkarların fəaliyyətindən əldə edilən gəlirləri gizlətməsinlər, şəffaflıq olsun. Bu mənada pos-terminalın olması, bu, nağd ödəniş də ola bilər, vacibdir. Əgər pos-terminal yoxdursa, vətəndaşın da nağd pulu yoxdursa, artıq sahibkarla vətəndaş arasında kartdan karta pul atmaq öz aralarında olan məsələ ola bilər. Məsələn, hansısa bərbərxanada, meyvə-tərəvəz satışında pos-terminal yoxdur. Bəzi sahibkarlıq müəssisələri var ki, orada pos-terminal olmasına ehtiyac yoxdur. Ödəniş nağd qaydada həyata keçirilir. Yaxud da, kartdan karta ödəniş də nağd ödəniş sayılır. O mənada sahibkarla vətəndaş arasında olan məsələdir. Nağd qaydada ödəniş varsa, pos-terminal yoxdursa, bu zaman sahibkarın vəzifəsidir ki, ona çek, qəbz versin ki, ödəniş oldu. Əgər qəbz yoxdursa, o zaman artıq kartdan karta atmaqla nağd ödəmə prosesini həyata keçirə bilər”.