Siyasət

Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb


Ədliyyə naziri Fərid Əhmədov 29 may tarixində Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır. Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni zamanda işğaldan azad edilmiş Laçında Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşündə iştirakı münasibətlərimizin nə dərəcə möhkəm olmasının bariz nümunəsidir.

Nazir ötən il imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun hüquqi sahədə əməkdaşlığın daha da genişlənməsində yeni perspektivlər açdığını vurğulayıb.

Görüşdə hüquqi əməkdaşlığın gələcək istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. Azam Nazir Tarar Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək məqsədilə yaxın aylarda ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.