Gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlər tətbiq oluna bilər
Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın London şəhərində keçirilən Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin (NCSR) 12-ci sessiyasında gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi müzakirə olunub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib.
Sessiya çərçivəsində texniki və normativ məsələlər müzakirə edilib və müvafiq qərarlar, tövsiyələr hazırlanaraq təqdim olunub. Beynəlxalq tədbirdə gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi, GPS və digər peyk sistemlərinin dəqiqliyinin artırılması, həmçinin kibertəhlükəsizlik və texniki xidmət qaydaları nəzərdən keçirilib, gəmi və sahil, gəmi ilə gəmi, eləcə də gəmi ilə peyk arasında məlumat mübadiləsini daha geniş, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək məsələləri müzakirə olunub.
M.Niftiyev sessiyada iştirakın vacibliyini vurğulayaraq qeyd edib ki, tədbir dəniz təhlükəsizliyi və kommunikasiya sahəsində beynəlxalq tələblər və yeniliklər haqqında birbaşa məlumat əldə etməyə, həmçinin ölkəmizin bu sahədə mövcud təcrübə və ehtiyaclarının nəzərə alınması üçün beynəlxalq platformada məlumatların alınmasına şərait yaradır.