Siyasət

Müstəqilliyin və Milli Birliyin Zirvəsi


2025-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində keçirilən Müstəqillik Günü tədbirində çıxış etdi. Bu çıxış, Azərbaycanın dövlət müstəqilliyinin gücünü, ərazi bütövlüyünün bərpasını və gələcəyə doğru inamla atılan addımları əks etdirən tarixi bir hadisə kimi yadda qaldı.

Laçın şəhərinin bu tədbir üçün seçilməsi təsadüfi deyildi. 30 ilə yaxın işğal altında qalmış Laçın, 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin nəzarətinə qaytarılıb. Prezident Əliyev çıxışında bu faktın xüsusi rəmzi mənasını vurğulayaraq, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə toxundu. Prezident qeyd etdi ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika idi. Bu tarixi irsin davamçısı olan müasir Azərbaycan, müstəqilliyini qoruyub saxlamaqla yanaşı, onu daha da möhkəmləndirmişdir. Dövlət başçısı Azərbaycan xalqının 2020-ci ildə göstərdiyi həmrəyliyi və qəhrəmanlığı xüsusi vurğuladı. O bildirdi ki, ölkə müstəqilliyini bu gün yalnız siyasi cəhətdən deyil, həm də hərbi və iqtisadi gücü ilə təmin edir.

Prezident Laçın və digər azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verdi.

Səfər çərçivədə Laçın Beynəlxalq Hava Limanının açılışı da baş tutdu. Hava limanı regionun inkişafında əsas rol oynayacaq və turizm, logistika baxımından strateji əhəmiyyət daşıyır.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirak etməsi tədbirin beynəlxalq və siyasi əhəmiyyətini daha da artırdı. Prezident Əliyev Türkiyə və Pakistanla olan qardaşlıq münasibətlərini yüksək qiymətləndirdi və bu iki dost, qardaş ölkələrin Azərbaycanın hər zaman yanında olduğunu bildirdi. Bu, həm də regionda güclü siyasi ittifaqların mövcudluğunun göstəricisidir.

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycanın gənc nəslinə müraciət edərək bildirdi ki, müstəqillik sadəcə keçmişin mirası deyil, gələcəyin məsuliyyətidir. Gənclər dövlətçilik, vətənpərvərlik və inkişaf yolunda əzmlə çalışmalıdırlar. Bu, Azərbaycanın gələcək uğurlarının təminatıdır.

Prezident İlham Əliyevin Laçında etdiyi bu çıxış, müstəqillik tariximizin yeni bir zirvəsi kimi qiymətləndirilə bilər. Bu, təkcə siyasi bəyanat deyil, həm də milli birlik, dövlətçilik ideyası və gələcəyə inamın rəmzi idi. Azərbaycanın gələcəyi işğaldan azad olunmuş torpaqlarda qurulur – bərpa edilən şəhərlər, açılan hava limanları, dirçələn həyat isə milli birliyimizi, dövlətçilik ideyamızı bir daha təsdiqləyir.

Jalə Əliyeva

Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini