Dünya

Rusiyada “ikinci çörəyin” qiyməti niyə qalxıb..?


…Gərək ki, o gün deyirdiniz ey…nə bilim, dərd gələndə batmanla gəlir.

Budur, bu dərdlərdən biri də, rusları ağuşuna alıb.

Belə ki, keçən həftə Rusiyada kartofun qiyməti demək olar ki, iki yarım faiz bahalaşıb.

İndi Rusiyada orta qiymət hazırda kiloqramı üçün demək olar ki, 100 rubl təşkil edir.

Ey gidi dünya…

Müqayisə üçün qeyd edək ki, yanvar ayında “ikinci çörəyin” kilosu 36 rubla satılırdı.

SİA-nın məlumatına görə, kartof bu gün təkcə Rusiyada deyil, qonşu Belarusiyada da “qızıl” olub.

Hətta bu məsələ Kremlə də çatıb.

…Əlbəttə, siz Belarusdan kartof ala bilərsiniz, onlar kartof üzrə böyük mütəxəssislərdir, lakin sizin də öz kartofunuz olsa yaxşı olardı.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Deyirəm yəqin Rusiya rəhbəri belaruslu həmkarı Lukaşenkonu kartof yığarkən görüb deyə, belə inamla danışır, amma…

Yeri gəlmişkən, rus mütəxəssislər kartofla bağlı bu vəziyyətin yaranmasının onlarla səbəbini sadalamağa hazırdırlar: 2024-cü ildə zəif məhsul, tərəvəz anbarlarının çatışmazlığı, toxum materialı ilə bağlı çətinliklər və s.

Ancaq görünür, əsas məsələ bu deyil.

Hələ 1990-cı illərdə bütün bağ evlərində və şəhərlərdə kartof əkilirdi və onlar ailələrə çətin illərdən sağ çıxmağa kömək edirdi.

Lakin şəhərlərdə ticarət şəbəkələri inkişaf etməyə başladıqca, kartofçuluq keçmişdə qalmağa başladı.

Həqiqətən, də kartof əkmək, onu alaq otlarından təmizləmək, qazmaq hara, mağazaya gedib artıq yuyulmuş və bəzi yerlərdə hətta doğranmış bir məhsul almaq hara..?

Deyilənlərə görə, Belarusda da artıq kartof ehtiyatı tükənib.

Əli Babayev