“Manatın məzənnəsi dolların beynəlxalq bazarlardakı hərəkətlərinə uyğun dəyişir”
Son 1 ay ərzində ABŞ dollları stabil olaraq qalır. Mərkəzi Bankın statistik göstəricilərinə baxanda isə avronun məzənnəsi 0,2 % artaraq 1,9324 manat təşkil edib.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycan manatı uzun müddətdir ABŞ dollarına faktiki olaraq indekslənib: “Bu bağlılıq xüsusilə 2017-ci ildən sonra daha sabit şəkildə müşahidə olunur. Hətta 2015-ci ilə qədər də bu siyasət tətbiq edilirdi, lakin müəyyən dövrlərdə istisnalar olmuşdur.
Hazırda manatın məzənnəsi əsasən dolların beynəlxalq bazarlardakı hərəkətlərinə uyğun dəyişir. Yəni dollar bahalaşanda manat da möhkəmlənir, dollar ucuzlaşanda isə manat zəifləyir. Bu dəyişikliklər daxili iqtisadi amillərlə deyil, qlobal maliyyə bazarlarında dolların digər valyutalarla nisbətinə görə baş verir.
Bu vəziyyəti belə izah etmək olar: iqtisadi sistemimiz qoşquya bənzəyir – sürücüsü ABŞ dollarıdır, biz isə arxadan qoşulmuş arabayıq. Dollar hərəkət etdikcə, manat da ona uyğun hərəkət edir. Beləliklə, manatın məzənnəsindəki dəyişikliklərin əksəriyyəti Azərbaycan iqtisadiyyatından yox, beynəlxalq valyuta münasibətlərindən qaynaqlanır. Nəticədə, dolların mövqeyi Avro və digər əsas valyutalara qarşı dəyişdikdə, bu, dolayı yolla manata da təsir göstərir”.
Onun sözlərinə görə, manatın ABŞ dollarına indekslənməsinin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur. Bu, kompleks və çoxşaxəli bir mövzudur: “Müsbət tərəflərindən biri odur ki, məzənnə sabitliyi müəyyən dərəcədə inflyasiyanın nəzarətdə saxlanmasına kömək edir.
Digər tərəfdən, manatın dollara sıx şəkildə bağlı qalması qeyri-neft sektorunun inkişafına mane ola bilər. Rəqabət qabiliyyətinin zəifləməsi, ixrac potensialının aşağı düşməsi və valyuta siyasətinin çevikliyinin məhdudlaşması bu siyasətin mənfi nəticələrindəndir. Çünki manatın dəyəri real iqtisadi şəraitdən yox, əsasən dolların beynəlxalq bazarlardakı hərəkətindən asılı olaraq formalaşır.
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatı neft və qaz ixracına əsaslandığı üçün bu məhsulların beynəlxalq bazarda əsasən dollarla satılması manatın dollara bağlanmasını müəyyən mənada əsaslandırır. Mərkəzi Bank da hazırkı mərhələdə bu siyasətin inflyasiya və makroiqtisadi sabitliyin təmin olunması baxımından ən uyğun seçim olduğunu hesab edir”.