“Ailə qurmaq evlənmək deyil”
“Qədimdən ailə müqəddəs hesab olunub”. Bu sözləri SİA-ya açıqlamasında “YENİ HƏYAT” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.
Onun sözlərinə görə, istər milli-mənəvi dəyərlərimiz baxımından, istərsə də qanunvericiliyimizə görə, ailə toxunulmazdır. Lakin bəzi hallarda müşahidə edirik ki, ailə anlayışını yalnız söz olaraq qəbul edən, onun dərin mənasını dərk etməyən insanlar evlənirlər və qısa müddət sonra ayrılırlar: “Bu evlilik bəzən rəsmi, bəzən isə qeyri-rəsmi şəkildə baş tutur. Lakin evlənmək hələ ailə qurmaq demək deyil. Bu, əlbəttə ki, mənim subyektiv fikrimdir.
Bəlkə də elə yeganə xalqıq ki, bizdə “ailə qurmaq” ifadəsi işlənir. Bu ifadənin kökündə, yəqin ki, ailəni “kiçik dövlət” kimi görməyimiz dayanır. Mövzuya gəldikdə isə bu “kiçik dövlətdə” baş verən hadisələr, bəli, ailənin daxili işi sayıla bilər. Lakin burada baş verən xoşagəlməz hallar – xüsusilə zorakılıq kimi hallar – artıq ölkə qanunvericiliyi çərçivəsində tənzimlənir.
Son vaxtlar ailələrdə baş verən zorakılıq halları ciddi və narahatedici nəticələrə gətirib çıxarır. Təbii ki, ailədaxili münaqişələrdə iki tərəfdən birinin digərinə qarşı göstərdiyi istənilən zorakılıq halı hüquqi və mənəvi cəhətdən qəbuledilməzdir. Bu cür zorakılıq hallarının səbəbləri müxtəlif olsa da, mahiyyəti dəyişmir – zorakılıq insanlığa yaraşmayan, digər şəxslərə zərər verən və ciddi təhlükə yaradan davranış formasıdır. Xüsusilə son illərdə artan fiziki və psixoloji-sosial zorakılıq halları narahatlıq doğurur. Bu zorakılıqların təməlində ya ciddi sosial-psixoloji səbəblər dayanır, ya da bir-birini kifayət qədər tanımayan insanların tələsik izdivaca girməsi rol oynayır. Bəzən isə kənar müdaxilələr – qohumların, dostların və ya üçüncü şəxslərin müdaxiləsi – ailədaxili kiçik bir narazılığı böyük bir problemə çevirə bilər.
Ailə, sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qurulmalıdır. Əgər bu əsaslar zəifdirsə və ya yoxdursa, ən xırda anlaşılmazlıq belə böyük fəsadlara səbəb ola bilər”.
Müəllif: Günel Rəşadqızı