İqtisadiyyat

“Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub”


“Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulmuşdur. Demək olar ki, Zəngilan, Qubadlı, Füzuli, Hadrut, Kəlbəcər, Laçın, Xocavənd, Şuşa, Xankəndi və digər istiqamətlərdə bütün rayonlara gedən yollar tam şəkildə bərpa olunmuş və müasir tələblərə uyğun şəkildə istifadəyə verilmişdir. Bu, regionda turizmin inkişafı üçün əsas amillərdən biri hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş qəsəbə və kəndlər arasında da yol infrastrukturu sürətlə qurulmaqdadır: “Bu sahədə qısa müddət ərzində böyük nailiyyətlər əldə edilmişdir. Beləliklə, bir neçə il əvvəl arzu edilən hədəflər reallığa çevrilmiş, əhali doğma torpaqlarına qayıtmağa başlamışdır. Yol infrastrukturunun inkişafı turizmin təşviqi və regionun iqtisadi dirçəlişi üçün həlledici faktorlardan biridir.

Əsas məsələlərdən biri təhlükəsizliklə bağlıdır. Hazırda portal vasitəsilə həmin bölgələrə səfərlər mümkündür. Lakin əvvəlki dövrlərlə müqayisədə bu məhdudiyyətlər nisbətən yumşaldılmış və digər rayonlara səfər üçün də şərait yaradılmışdır. Bununla belə, bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil.

Turistlərin Qarabağ bölgəsinə kütləvi şəkildə səfəri müsbət hal kimi qiymətləndirilsə də, burada həssas məsələ təhlükəsizlikdir. Belə ki, ərazilər hələ tam şəkildə minalardan təmizlənməyib. Lakin təhlükə yaradan əsas istiqamətlər artıq nəzarət altındadır və təmizlənmişdir. Yay aylarının yaxınlaşması ilə bölgəyə maraq artacaq və insanların Qarabağa səfər etmək istəyi güclənəcək”.

Ekspert qeyd edib ki, gələcəkdə Laçın və Kəlbəcər rayonlarında müalicəvi xarakterli sanatoriyaların tikilərək istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilsin: “Çünki həmin bölgələrin dağ relyefi, meşə massivləri və mineral bulaqları sanatoriyaların inşası üçün əlverişli şərait yaradır.

Zəngilan rayonundakı Qotursu bulağı dəri xəstəliklərinin müalicəsində effektiv vasitə hesab olunur. Laçında yerləşən Turşsu bulağı mədə-bağırsaq sisteminin problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Kəlbəcər rayonundakı İstisu bulağı isə çoxprofilli xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur. Bu bulaqlar vaxtilə Sovetlər İttifaqı dövründə və hazırkı zamanda da qablaşdırılmış formada satışa çıxarılır. Lakin bu suların yerləşdiyi ərazilərdə sanatoriyaların inşası beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Bu istiqamətdə atılacaq addımlar əcnəbi turistlər üçün də cəlbedici ola bilər.

Digər mühüm məsələ isə Qarabağ bölgəsində üç böyük hava limanının tikintisinin başa çatmasıdır. Bu, yaxın gələcəkdə xarici ölkələrdən bölgəyə birbaşa aviareyslərin təşkil olunmasına şərait yaradacaq və nəticə etibarilə turist axınının artmasına səbəb olacaq. Bu da bölgənin tam şəkildə turistik məkana çevrilməsinə xidmət edəcək”- deyə o əlavə edib.