Sosial

Dünyanı bir-birinə bağlayan görünməz iplər



Qloballaşma dövründə asılılıq, yaxınlıq və parçalanma



Uzaq bir ölkədə baş verən iqtisadi böhran, başqa bir qitədəki uşağın səhər yeməyinə təsir edə bilir. Bir yerdə başlayan müharibə, başqa bir yerdə insanların sülhə olan inamını zəiflədir. Əvvəllər yalnız xəritədə qonşu olan ölkələr, indi sosial mediada bir cümlə ilə bir-birinə toxunur. Sanki dünya bir tor kimi hörülüb: iç-içə, sıx, həssas və qırılmağa meyilli… Bu torun sapları görünməzdir. Adı isə qloballaşmadır. Əvvəllər insanlar doğulduğu kənddən çıxmadan bir ömür yaşayırdı. İndi isə bir uşağın geyəcəyi paltarı Çində tikilir, adını Amerikada qoyurlar, gələcəyini isə süni intellekt planlaşdırır. Bəs bu qədər “bağlantı” bizi doğrudan da bir-birimizə yaxınlaşdırırmı?

Qloballaşma sadəcə iqtisadi əlaqələrin artması deyil. O, eyni zamanda mədəniyyətlərin bir-birinə qarışması, sosial həyatın texnologiya vasitəsilə dəyişməsi və lokal kimliklərin qlobal dəyərlər qarşısında sarsılmasıdır. Əvvəllər yerli olan hər şey dil, adət, bazar indi dünya səhnəsindədir. Bu, həm fürsətdir, həm də risk.

Anthony Giddens, qloballaşmanı “zaman və məkanın sıxışması” kimi xarakterizə edir. Onun fikrincə, texnologiya vasitəsilə fiziki məsafələr anlamını itirir, insanlar və cəmiyyətlər arasında “real zamanlı” münasibətlər qurulur. Bu isə keçmişdə mümkün olmayan bir qarşılıqlı asılılıq yaradır. Giddens üçün qloballaşma, yalnız sərhədlərin aradan qalxması deyil, insan təcrübəsinin, münasibətlərinin və sosial həyatın tamamilə yenidən qurulmasıdır. Amma bu, təkcə yaxınlıq gətirmir. Giddens-in də qeyd etdiyi kimi, qloballaşma fərdi və kollektiv identitetlərin qeyri-müəyyənləşməsinə, davamlılıq hissinin sarsılmasına, hətta psixoloji qeyri-sabitliyə səbəb olur. Dünya yaxınlaşır, amma insan özünü getdikcə daha az “evdə” hiss edir.

İnformasiya, texnologiya və ticarət qloballaşma vasitəsilə bizi bir-birimizə bağlayır. Lakin bu bağ bəzən boynumuza dolanan ipə çevrilir. Qlobal xəbərləri anında izləyə bilirik, amma qonşumuzun dərdindən xəbərsizik. “Virtual yaxınlıq”, “real uzaqlıq” doğurur. Bu, sadəcə sosial münasibətlərə deyil, iqtisadi həyata da sirayət edir. Bir ölkədə verilən qərar, minlərlə kilometr uzaqdakı insanları işsiz qoyur. Məsələn, Azərbaycanda minlərlə insan Türkiyə, Rusiya və Avropa ölkələrindəki iqtisadi proseslərə bağlı işləyir. Xaricdə baş verən kiçik bir dəyişiklik onların həyatını kökündən dəyişə bilir. Əmək bazarı artıq qlobaldır. Bu gün bir gənc evində oturaraq başqa ölkənin şirkətində çalışa bilər. Amma bu sərhədsizlik bərabərlik gətirmir. Kimin texnologiyaya çıxışı var, o güclənir; olmayan isə daha da geridə qalır.

Qloballaşma dünyanı bir “gəmi”yə çevirib. Hamımız eyni dənizdə üzürük, amma eyni qayıqda deyilik. Kiminin əlində lüks yaxta var, kimininsə taxta parçası belə yoxdur. Bu qlobal bərabərsizliklər, təkcə iqtisadi deyil, həm də sosial və siyasi nəticələr doğurur. Məsələn, qloballaşmanın yaratdığı inkişaf fərqləri, mühacir axınlarını artırır. İnsanlar daha yaxşı həyat üçün sərhədləri aşmağa çalışır. Bu isə yeni mədəni qarşıdurmalar, sosial gərginliklər və siyasi dilemmlərlə nəticələnir. Qloballaşmanın “açıq dünya” vədi, əslində bir çox insanlar üçün bağlı qapılar anlamına gəlir.

Azərbaycan da bu qlobal ipək yolunun üstündədir. Təbii resurslar, coğrafi mövqe və informasiya axını baxımından ölkəmiz dünyaya bağlanıb. Lakin bu bağlanma həm də asılılıq doğurur: enerji qiymətlərindən, xarici investisiyalardan və texnoloji idxaldan. Mədəni sahədə də eyni hal müşahidə olunur. Yerli dəyərlər qlobal mədəniyyət qarşısında zəifləmir, amma daim təsir altındadır. Azərbaycan gəncliyi bir tərəfdən milli kimliyini qorumağa çalışır, digər tərəfdən isə TikTok, Instagram, Netflix kimi platformalarla formalaşan qlobal həyat tərzinin içində yol axtarır.

Bütün bu görünməz ipə bəzən texnologiya deyirik, bəzən kapital, bəzən ideologiya. Amma əslində bu ipi biz hamımız bir yerdə toxuyuruq, həyat tərzimizlə, seçdiyimiz məhsullarla, düşündüyümüz ideyalarla. Bu ip nə qədər güclü və ədalətli olacaqsa, gələcək bir o qədər davamlı və insani olacaq. Qloballaşma qaçınılmazdır. Amma bizi birləşdirən bu ip, yalnız texnologiya deyil həm də empatiya, ədalət və kollektiv yaddaş olmalıdır. Əks halda, bağlandıqca daha da parçalanacağıq.

Nigar Şahverdiyeva