Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki mesajları
Müasir dünyada enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır.2025-ci il 2 iyun tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib.
Cənab Prezident çıxışı zamanı Azərbaycanın milli inkişaf modelindən – iqtisadi dayanıqlılıq, geosiyasi mövqe və ekoloji məsuliyyət üçlüyünə əsaslanan transformasiya xəttindən bəhs etdi.
Dövlət başçısı çıxışında diqqəti 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisinə yönəltməklə, Azərbaycanın enerji strategiyasının təməl daşlarının qoyulduğu dövrü xatırlatdı. Elə həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur.
Bu müqavilə, müstəqilliyini yeni bərpa etmiş, daxili siyasi böhran içərisində olan və ərazilərinin 20 faizini itirmiş Azərbaycanın dünyaya etibarlı tərəfdaş olduğunu sübut etməsi üçün tarixi fürsət idi. Bu addım, Ulu Öndər Heydər Əliyevin qətiyyətli liderliyi və uzaqgörən baxışları sayəsində mümkün olmuşdu. Həmin dövrdə 1000 faizlik inflyasiya, ümumi yoxsulluq və sosial dağınıqlıq şəraitində xarici sərmayə cəlb etmək böyük siyasi cəsarət tələb edirdi. Bu cəsarət Azərbaycanın enerji sektorunu yalnız iqtisadi artımın deyil, siyasi sabitliyin də aparıcı sütununa çevirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına rəğmən, İtaliya sahillərinə qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir. Xəzər dənizindən Aralıq dənizi sahillərinə qədər gedib çatan 3500 km-lik bu infrastruktur xətti, Avroasiyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı həm də siyasət və diplomatiya yoludur.
Bu baxımdan, Azərbaycan enerji ixracatçısı olmaqdan daha artıq, enerji siyasətini qlobal təhlükəsizlik arxitekturasının bir parçasına çevirən azsaylı ölkələrdən biridir. Bu isə dövlətimizi regional oyunçudan qlobal aktora yüksəldir. Cənab Prezidentin qeyd etdiyi kimi, qaz ixrac etdiyimiz ölkələrin sayının bir ildə 8-dən 12-yə yüksəlməsi təsadüfi deyil – bu, Azərbaycanın tərəfdaşlıq siyasətinin nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda iqtisadi dayanıqlığa xüsusi önəm verdi. Ölkənin xarici borcunun ÜDM-in cəmi 7 faizini təşkil etməsi və maliyyə ehtiyatlarının bu borcu 14 dəfə üstələməsi, yalnız büdcə idarəçiliyinin səmərəliliyini deyil, həm də iqtisadi müstəqilliyin yüksək səviyyəsini göstərir.
Azərbaycanın iqtisadi siyasətində makroiqtisadi sabitliklə yanaşı, inklüziv inkişaf da diqqət mərkəzindədir. Cənab Prezidentin qeyd etdiyi kimi 5 faizə düşən yoxsulluq səviyyəsi və 100 faizlik savadlılıq göstəricisi, sosial investisiyaların effektivliyini nümayiş etdirir.
Azərbaycanın yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də yaşıl enerji gündəliyində fəal iştirakçı kimi mövqelərini gücləndirməsi, dövlət başçısının çıxışında mühüm yer tutdu. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Power” sərgisinin keçirilməsi bu strategiyanın bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji ixracı coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlardan və bu sahədə aparılan danışıqlardan da bəhs etdi. Bu, Azərbaycanın artıq yalnız regional deyil, həm də, qlobal enerji təchizatı zəncirində əsas oyunçuya çevrildiyini sübut edir.
Burada diqqətçəkən əsas məqam, Cənab Prezidentin balanslı əməkdaşlıq modelinə vurğu etməsidir: istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların harmoniyası düzgün qurulmuş tərəfdaşlığın bariz göstəricisidir. Bu model, təkcə iqtisadi mənfəət deyil, həm də uzunmüddətli sabitlik və etibarlı partnyorluq deməkdir. Bu baxımdan, Azərbaycanın enerji siyasəti qlobal enerji bazarındakı qeyri-sabitliklər fonunda “sabitlik adası” rolunu oynayır.
Dövlətimizin enerji siyasətində neft və qaz hasilatı ilə paralel olaraq yaşıl enerjiyə keçid strategiyası öz dinamikası ilə seçilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetr artırılması siyasəti , mövcud və yeni yataqlara əsaslanan planlı inkişafın göstəricisidir.
Digər tərəfdən, eyni vaxta qədər 6,5 giqavat bərpaolunan enerji gücü əldə etmək hədəfi ölkəmizin ümumi enerji strukturunun ən azı 35 faizini alternativ mənbələrdən təmin edəcəyini göstərir. Bu isə OPEC+ üzvü olan və neftlə zəngin bir ölkənin yaşıl transformasiyaya necə ciddi yanaşdığının sübutudur. Dövlətimizin fərqi ondadır ki, biz, karbon enerjisini inkar etmədən, onu mərhələli şəkildə yaşıl enerji ilə əvəzləyir və bu prosesi beynəlxalq əməkdaşlıq əsasında həyata keçiririk.
Dövlət başçısının “yaşıl enerji gündəliyimizin iddialı olması bizim məsuliyyətimizi göstərir” fikri, Azərbaycanın enerji siyasətinin təkcə milli maraqlarla deyil, həm də qlobal ekoloji məsuliyyətlə diktə olunduğunu göstərir. Elektrik enerjisinə daxili tələbatın böyük hissəsinin bərpaolunan mənbələrlə təmin olunması planı həm də ixraca yönələn qazın həcmini artırmağa imkan verir. Beləliklə, Azərbaycanın enerji strategiyası daxili sabitlik, sosial inkişaf və xarici siyasi təsir üçbucağında cəmlənir.
Cənab Prezidentin vurğuladığı “real və populizmdən uzaq COP29 gündəliyi” Azərbaycana etibarlı tərəfdaş və rasional danışıqlar aparan ölkə imici qazandırır. Bu, hazırkı geosiyasi xaos və ideoloji qütbləşmə fonunda böyük əhəmiyyət kəsb edir.
2024-cü ilin ən mühüm beynəlxalq tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin diplomatik və ekoloji liderliyini möhkəmləndirdi. Cənab Prezidentin “Bakı sıçrayışı” kimi xarakterizə etdiyi uğurlar – İtki və Zərər Fondu, yardım paketlərinin artırılması və karbon bazarının işə düşməsi – Azərbaycanın yalnız ev sahibliyi ilə kifayətlənməyib, qlobal razılaşmaların formalaşmasında fəal iştirak etdiyini göstərdi.
Xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması təşəbbüsü Azərbaycanın yalnız resurs ölkəsi deyil, həm də ədalətli lider olduğunu nümayiş etdirdi. İnkişaf etmiş ölkələrin məsuliyyəti ilə inkişafda olan ölkələrin ehtiyacları arasında tarazlıq yaratmaq XXI əsrin enerji və ekoloji siyasətinin başlıca hədəfidir. Prezident İlham Əliyev məhz bu zəruri tarazlığı qurmaq üçün siyasi iradə və qlobal miqyasda inam ortaya qoyulduğunu bir daha vurğuladı.
Sonda, Prezidentin çıxışının ən mühüm mesajlarından biri – Azərbaycanın enerji sahəsində qazandığı uğurların yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik təsirlər doğurması idi. Hər bir saziş, sərmayə, ixrac müqaviləsi – Azərbaycanın suverenliyini, regional liderliyini və qlobal etimadını gücləndirən addımlardır.
Bu baxımdan, Azərbaycanın enerji siyasəti artıq “çıxar və sat” modelindən çoxdan uzaqlaşıb. Bu siyasət hazırda regional sabitlik yaradan, tərəfdaşlığı dərinləşdirən və bəşəriyyətin enerji keçidini rasional əsaslarla dəstəkləyən bir strateji modelə çevrilib.
Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə müstəqilliyin qorunması, sosial rifahın təmin edilməsi, qlobal miqyasda söz sahibi olmaq və regional sabitliyə töhfə vermək üzərində qurulub.
Azərbaycan bu gün nəinki enerji ixrac edən bir ölkədir, o, enerji ilə qlobal sabitliyin və əməkdaşlığın memarlarından birinə çevrilmişdir. Enerji sahəsində başlanmış yol, Azərbaycanı nəinki iqtisadi, həm də siyasi və diplomatik baxımdan yeni zirvələrə aparmaqdadır.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini