Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir?
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyəti ilə və Allahın adıyla kəsilən heyvana deyilir.
Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
SİA mövzu ilə bağlı ekspertlərin və sakinlərin fikirlərini öyrənib.
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov: “Bayramlardan biri Ramazan bayramıdır. Bu bayram orucluq ayı bitdikdən sonra qeyd olunur. Ramazan ayının sonunda tutulan orucların ardından, müsəlmanlar bu bayramı böyük sevinc və ruh yüksəkliyi ilə keçirirlər. Bu, orucluqdan sonra gələn böyük bir mənəvi rahatlama və birlik günüdür.
İkinci əsas bayram isə Qurban bayramıdır. Bu bayram Həcc mövsümünə təsadüf edir və İslamda çox böyük əhəmiyyətə malikdir. Qurban bayramında imkanlı insanlar qurbanlar kəsir, bu qurbanlar Allah rizası üçün edilir və ətləri imkansız insanlara paylanılır. Beləcə, cəmiyyətin zəif təbəqələri sevindirilir, birlik və mərhəmət ruhu güclənir.
Bu bayramda insanlar bir-birinə yaxınlaşır, paylaşma və yardımlaşma hissləri ön plana çıxır. İslam dininə görə imkanı olan hər bir müsəlmana qurban kəsmək tövsiyə olunur. Qurban Bayramı bu baxımdan yalnız dini ibadət deyil, həm də insani və sosial bir vəzifədir. İnsanlar bu gündə həm savab qazanır, həm də bir-birinə sevgi və diqqət göstərirlər.
Bu bayram Ramazan günlərindən fərqli olaraq, daha çox paylaşmaq və qurban kəsməklə yadda qalır. İslamda Qurban Bayramının çox böyük mənəvi və ictimai dəyəri var. Ona görə də bu gün xüsusi hörmət və ehtiramla qeyd olunur”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: “İnşallah, bu il də Qurban bayramı ayın 6-sı qeyd olunacaq. Dövlət səviyyəsində iki gün rəsmi bayram günü elan olunur. Amma şəriətə görə qurban kəsmək üçün üç gün vaxt var: ayın 6-sı, 7-si və 8-i. Yəni bu üç günün hər birində qurban kəsmək icazəlidir, burada heç bir maneə yoxdur.
Hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramı namazı qılınacaq. Hər məscid icması, imamlar camaatın gəlişinə uyğun olaraq namaz vaxtını tənzimləyə bilər. Bəzən namaz saat 8-də, bəzən isə 9-da qılınır. Bu, tamamilə məscid icmasının ixtiyarındadır. Bakı və ətraf kəndlərdə əksər məscidlərdə namaz adətən saat 9-da qılınır. Məsələn, Əjdərbəy məscidində (Göy Məscid), Heydər məscidində və digər böyük məscidlərdə camaatın sayına uyğun olaraq həm saat 8-də, həm də 9-da namaz qılmaq mümkündür.
Qurbanlıq heyvanlara gəlincə, ən azı xırda buynuzlu heyvan – qoyun, keçi və ya qoç kəsilə bilər. Əgər imkan varsa, ailə başçısı bir qurban kəssə daha gözəldir. Xırda buynuzlu heyvana şərik olmaq məsləhət görülmür. Ən yaxşısı, bir nəfər öz adından kəssin. Amma iri buynuzlu heyvana – inəyə, camışa, yaxud dəvəyə bir neçə nəfər şərik ola bilər. Məsələn, 5, 7 və ya daha çox insan, heyvanın çəkisinə görə ortaq ola bilər. Qurbanlıq heyvanın yaşı da vacib məsələdir. Xırda buynuzlu heyvanın yaşı ən az 8 ay olmalıdır, 1 yaş olsa daha yaxşıdır. İri buynuzlu heyvanın yaşı 1, ya da 2 yaş ola bilər. Dəvə isə ən azı 5 yaşında olmalıdır.
Qurban kəsmək Həccdə olanlar üçün vacibdir – bu İsmail qurbanıdır. Amma Həccə getməyən, bizim kimi vətəndə yaşayan müsəlmanlar üçün müstəhəb sayılır. Yəni imkan varsa, qurban kəsmək Allahın bəyəndiyi əməllərdəndir və böyük savabdır.
Kəsilən heyvanın əti 3 hissəyə bölünür:
• Bir hissə qurban kəsənin öz ailəsinə,
• Bir hissə yaxın qohumlara, qonşulara,
• Bir hissə isə imkansızlara verilir.
Əgər kəsən adamın özünün o ətə ehtiyacı yoxdursa, ətin hamısını ehtiyacı olanlara paylaya bilər. Bu daha fəzilətli, daha savab bir işdir. Paylama zamanı da diqqət olunmalıdır. Heyvanın müxtəlif bədən hissələrindən – məsələn, qol, bud, qabırğa və s. – hər paylanan şəxsə müxtəlif hissələrdən də ət verilsin. Ədalətli və mehriban yanaşma olsun.
Allah kəsilən bütün qurbanları qəbul etsin. İnşallah, hər birimizin duaları qəbul olunsun. Allah bizə hər il belə gözəl, bərəkətli bayramlar nəsib etsin. Amin!”
Qəssab Nadir Qarayev: “Qurban bayramı yaxınlaşır, amma qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Hazırda quzu ətinin qiyməti 18,50–19 manat, dana ətinin qiyməti isə 15 manat 50 qəpik civarındadır. Alıcılıq qabiliyyəti isə çox zəifdir. Artıq 2-3 ildir ki, bu zəiflik davam edir. Qiymətlərin yüksəlməsi üçün alıcılıq qabiliyyəti olmalıdır, o da hazırda yoxdur. Əvvəllər Qurban bayramlarında hər gün 100 quzu, 2-3 dana kəsirdim. İndi isə cəmi 2-3 quzu kəsə bilirəm. Tələb çox aşağıdır”.
Şəhər sakini İradə Məmmədova: “40 il müddətində müəllim kimi çalışmışam. Hazırda təqaüddəyəm. Ona görə də bu il də qurban kəsməyi çox istəyərdim, amma təxminən 10–12 il ərzində artıq kəsmişəm. Müəllim yoldaşlarımızla birlikdə yığışıb iribuynuzlu heyvan kəsirdik. Ehtiyacı olan ailələrin siyahısını tərtib edir, sonra isə ət paylarını onlara çatdırırdıq”.
Şəhər sakini Fəxrəddin Əzizov: “Qurban bayramını çox gözəl keçiririk. Xırdabuynuzlu heyvanlar kəsirik və onları yeddi qonşuya, kasıb ailələrə paylayırıq. Allah bu ildə də bizə bol ruzi nəsib etsin ki, növbəti dəfə iribuynuzlu heyvan qurban kəsə bilək. Uca Allah bütün qurbanları qəbul etsin, onların içində bizim qurbanımızı da. Qurbanlıq ətindən təxminən 11–12 kiloqram özümüz götürürük, qalan hissəni isə ehtiyacı olan şəxslərə paylayırıq. Qurban yalnız bayram günləri ilə məhdudlaşmır. Bayramdan kənar zamanlarda da kasıb və ehtiyaclı ailələr üçün qurban kəsmək savab əməllərdən sayılır”.
Şəhər sakini Olqa Rüstəmova: “Ümumiyyətlə, mən iki bayramı qeyd edirəm: biri Novruz bayramıdır, digəri isə Qurban bayramı. Qurban bayramı zamanı qohumlar bir araya gəlir, qurbanlıq üçün pul toplanır və ehtiyacı olan ailələrə paylanılır. Mənim atam azərbaycanlı, anam isə rusdur. Rusiyada da qurban kəsmək adəti var. Mən bu il iki bayram qeyd edirəm”.