“Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi”
“Rusiya–Ukrayna müharibəsində vəziyyət ciddi hadisələr baş verməsə belə, dramatik şəkildə dəyişə bilər. Yəni tərəflərdən hər hansı birinin iddialarından geri çəkilməsi, Rusiyanın maksimalist tələblərindən imtina etməsi və yaxud da Ukraynanın Rusiyanın tələbləri qarşısında razılaşmasını təmin edəcək proseslər, hadisələr baş verməmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, iki gün əvvəl Ukrayna əks-kəşfiyyat xidmətinin həyata keçirdiyi əməliyyat Rusiya–Ukrayna müharibəsi dövründə Ukraynanın azsaylı uğurlarındandır və çox ciddi addım kimi qiymətləndirilə bilər: “Amma çox təəssüf ki, bunlar epizodik xarakter daşıyır, taktiki gedişlərdir və Rusiya–Ukrayna müharibəsinin strateji baxımdan yekunlaşmasına xidmət edə biləcək hücumlar deyildir. Bu hücumların doğurduğu nəticələr Rusiyanı geri çəkilməyə və ya tələblərini azaltmağa məcbur etməyib. Ümumiyyətlə, Ukraynanın bu cür əməliyyatlarının effektiv və nəticəverici olması üçün onlar planlı, ardıcıl və davamlı xarakter daşımalıdır. Hesab edirəm ki, qarşıdakı günlərdə və ya həftələrdə bu cür effektiv hücumların bir neçəsini müşahidə etsək, bu, Rusiyanı geri çəkilməyə, problemi sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə məcbur edə bilər. Amma əgər bu hücumlar epizodik, təsadüfi xarakterli olacaqsa və davamlı olmayacaqsa, əksinə, Rusiyanı daha da aqressivləşdirəcək, onu daha maksimalist tələblərlə çıxış etməyə təşviq edəcəkdir.
İstanbulda keçirilən görüşlərin nəticəsi olaraq Rusiya tərəfi Ukrayna tərəfinə, xüsusən də atəşkəs və sülh danışıqları ilə bağlı, Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi. Bu memorandumla tanış olduqda açıq şəkildə görünür ki, Rusiya indiki mərhələdə müharibənin sülh yolu ilə bitməsini istəmir. Çünki o, sadəcə maksimalist yox, hətta absurd tələblər irəli sürür – bu tələblər nə Ukrayna, nə də başqa hansısa tərəf tərəfindən qəbul edilə biləcək şərtlər deyil. Əslində, bu davranışla Rusiya “sülh danışığı aparmaq istəmirəm” demək istəyir, sülhə hazır olmadığını göstərir və müharibəni davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirir”.
Politoloq sözlərinə davam edərək bildirdi ki, hesab edirəm ki, 2025-ci ilin yanvar ayından bəri ABŞ administrasiyasının buraxdığı bir sıra səhvlər – xüsusilə də müharibənin başlanmasına səbəb olan əvvəlki səhvlərin davamı kimi – və Tramp administrasiyasının yanlış siyasəti, Rusiyanın müdafiəsinə və ya Rusiyaya uyğun gələn yumşaq mövqe sərgiləməsi nəticə etibarilə Rusiyanın özünü daha rahat hiss etməsinə gətirib çıxarmışdır: “Rusiya özünü 2024-cü ilin sonları ilə müqayisədə daha arxayın hiss edir və buna görə də müharibəni davam etdirmək istəyir. Çətin də olsa, demək olar ki, hər gün Ukraynanın hansısa yaşayış məntəqəsi işğal olunur, ələ keçirilir. Bundan ruhlanan və eyni zamanda Qərbin, xüsusən də ABŞ-ın Rusiyaya münasibətdə bir qədər ehtiyatlı və çəkinkən siyasətindən motivasiya alan Rusiya müharibəni hələ ki, bitirmək istəmir.
Ümumiyyətlə, müharibənin bu il sülh yolu ilə başa çatması üçün iki əsas şərtdən biri yerinə yetirilməlidir: ya Rusiya elə bir vəziyyətə gətirilməlidir ki, irəli sürdüyü maksimalist və absurd şərtlərdən imtina etsin, ya da Ukraynaya təzyiqlər o qədər davam etdirilməlidir ki, mövcud hakimiyyət Rusiyanın şərtləri ilə barışmaq məcburiyyətində qalsın. Üçüncü bir variant mövcud deyil. Bu iki variantdan imtina edilməsi, yəni onların heç birinin reallaşmaması, yalnız üçüncü yolu – müharibənin davam etməsini – zəruri edir. Hesab edirəm ki, indiki mərhələdə bu, Ukrayna üçün məqbul variant deyil. Çünki Qərbdən dəstək kifayət qədər zəifdir, ABŞ isə dəstəyini davam etdirmək niyyətində deyil. Rusiya isə Ukraynaya qarşı hücumlarını artırmaqdadır və yay aylarında daha əlverişli şərait, imkanlar qazanaraq hərbi əməliyyatlarını daha da genişləndirmək və ciddi nəticələr əldə etmək niyyətindədir. Bu isə, təəssüf ki, Ukraynanın düşdüyü mövcud vəziyyəti daha da ağırlaşdıracaqdır”.