Sosial

“Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur”


“Bütün dünyada incəsənət sahəsində olduğu kimi, Azərbaycan musiqisində də müxtəlif janrlarda və estetik səviyyələrdə mahnılar, musiqilər, böyük bəstəkarların əsərləri həmişə olub. Təəssüf ki, bir çox ölkələrdə olduğu kimi, bizdə də daha çox orta və aşağı təbəqəyə xitab edən, keyfiyyətsiz mahnılar daha sürətlə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bəzən özümüzü Avropa ölkələri ilə yox, musiqi səviyyəsinin aşağı olduğu ABŞ, Türkiyə, Rusiya, ərəb və şərq ölkələri, Hindistanla müqayisə edirik. Bu isə düzgün yanaşma deyil: “Peşəkar musiqi və estetik sənət deyəndə əsasən Avropa ölkələri, o cümlədən Azərbaycan nəzərdə tutulur. Azərbaycanda akademik, milli və xalq musiqisi janrları var: muğam, aşıq sənəti, yeni saz ifaçılığı, meyxana və s. ilə yanaşı, Avropa bəstəkar məktəbi də inkişaf edib. O məktəbin nümayəndələri zaman-zaman populyar müğənnilər üçün də mahnılar yazıblar.

Məsələn, Arif Məlikov, Fikrət Əmirov və digərləri İlhamə Quliyeva, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarımız üçün həm oynaq, həm də ciddi mahnılar bəstələyiblər. Təəssüf ki, son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur. Opera və balet səhnələri klassik əsərlərlə məhdudlaşıb, yeni əsərlər səhnəyə qoyulmur və dinlənilmir. Televiziyalar və platformalar bu musiqiləri təbliğ etmir.

Bunun nəticəsində son 30 ildə estetik zövqü zəif, musiqi baxımından savadsız nəsil yetişib. Rap və meyxana janrlarını musiqinin yeganə forması hesab edən gənclər formalaşıb. Toy musiqiləri, bayağı ritmlər üstünlük təşkil edir. Əgər gənclər klassik musiqi, opera, balet, musiqili teatr əsərləri ilə tanış olmursa, onların zövqünün aşağı olması təəccüblü deyil. Dünyada da aşağı səviyyəli musiqilər mövcuddur, lakin eyni zamanda klassik musiqiyə də ciddi yer verilir. Orada rap və rokla böyüyən gənclər zamanla estetik zövqünü artırır, kitab oxuyur, sənətə maraq göstərirlər. Bizdə isə gənclər yalnız ucuz mahnılara qulaq asırlar. Toy, meyxana və aşıq sənəti artıq akademik musiqini sıxışdırır. Bu vəziyyəti dəyişmək üçün musiqi və rəqs dərslərinə daha çox önəm verilməli, məktəblərdə musiqi dərnəkləri, rəqs ansamblları fəaliyyət göstərməlidir. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu birlikdə gənclərin estetik zövqünün formalaşması üçün strategiya hazırlamalıdır. Əks halda, klassik bəstəkarlarımızın mirası unudulacaq”.