“Uğurlu siyasətin nəticələri göz önündədir”
“Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın dünənki və bu günkü, eləcə də gələcək inkişafında böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, 30 il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi enerji sektorumuza birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır.
“Enerji siyasətinin bütün əsas istiqamətlərini – neft, qaz, kəşfiyyat, hasilat, emal, nəqliyyat, eləcə də ,yaşıl enerji sahələrini əhatə edən “Bakı Enerji Həftəsi” adlandırılan 39 ölkədən 267 şirkətin iştirak etdiyi belə bir tədbirin yenidən Bakıda keçirilməsi əlbəttə ki, qürurvericidir və iqtisadiyyatımızın gələcək inkişafına hesablanmışdır. Cənab İlham Əliyev “Bakı Energy Forum” – un rəsmi açılış mərasimindəki çıxışında bildirmişdir ki, “Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir”.
Prezidentimizin söylədiyi kimi enerji siyasətində həyata keçirilən islahatlarda da biz bunun aydın ifadəsini görürük. Bu gün Azərbaycanın dünyanın 12 ölkəsinə qaz ixrac etməsi, uğurlu neft və “yaşıl enerji” layihələri həyata keçirməsi, təbii qaz ixracının keçən il 25 milyard kubmetrə qaldırılması düşünülmüş iqtisadi siyasətin nəticəsidir. “Bakı Enerji Həftəsi”nin belə yüksək səviyyədə keçirilməsi və bu tədbirdə dünyanın aparıcı şirkətlərinin iştirakı gələcək uğurlara bir zəmindir. Qürurverici bir haldır ki, dünyanın ABŞ, Böyük Britaniya, Türkiyə kimi ölkələrinin rəhbərləri, Avropa Komissiyası və digər yüksək səviyyəli təşkilatları Azərbaycanın enerji siyasətini yüksək dəyərləndirir və gələcək əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Bu, qürurvericidir, milli maraqlarımıza cavab verməklə, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi və iqtisadiyyatımızın inkişafı baxımından əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.