“Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir”
“BMT-nin 5 iyun 1972-ci ildə Stokholm şəhərində keçirilən iclasında ilk dəfə olaraq ətraf mühitin qlobal səviyyədə mühafizəsi məsələsi beynəlxalq gündəmə gətirildi. Həmin tarix indiyə qədər hər il Dünya Ətraf Mühit Günü kimi qeyd edilir və dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi diqqət yetirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı dövlət siyasəti və bir çox konkret tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.
Ekoloq sözlərinə belə davam edib: “Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində görülən əsas tədbirlər:
1. Qanunvericilik və strateji sənədlər
“Ətraf Mühitin Mühafizəsi haqqında”, “Atmosfer Havasının Mühafizəsi haqqında”, “Ekoloji Təhlükəsizlik haqqında” və digər qanunlar qəbul edilib.
“Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” və “2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri” ekoloji hədəfləri də özündə əks etdirir.
2. Yaşıllaşdırma tədbirləri
“Yaşıl dünya naminə həmrəylik ili” (2024-cü il) çərçivəsində yaşıllaşdırma kampaniyaları, ağacəkmə aksiyaları aparılıb.
Hər il yeni meşə zolaqları salınır, bərpaedici tədbirlər həyata keçirilir.
3. Milli parklar və qoruqlar
Ölkəmizdə 9 milli park, 13 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı yaradılıb.
Bu ərazilərdə biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafı təşviq edilir.
Artıq işğaldan azad edilmiş ərazilərimizdə də yeni qoruq ərazilərinin təməli qoyulmaqdadır.
4. Sənaye və tullantı nəzarəti
Atmosferə atılan tullantılar, su və torpaq çirklənməsi üzərində nəzarət gücləndirilib.
“Təmiz Şəhər” ASC vasitəsilə bərk məişət tullantılarının idarə olunması təkmilləşdirilir.
5. Alternativ enerji və iqlim dəyişmələri ilə mübarizə
Günəş, külək və su enerjisindən istifadə təşviq olunur.
Azərbaycan Paris İqlim Sazişinə qoşulub və karbon emissiyalarını azaltma öhdəliyi götürüb.
6. Maarifləndirmə və beynəlxalq əməkdaşlıq
Təhsil müəssisələrində ekoloji maarifləndirmə dərsləri keçirilir.
UNEP, UNDP, WWF kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. Burada WWF-in Azərbaycan təmsilçiliyinin və onun rəhbəri Elşad Əsgərovun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycanda biomüxtəlifliyin qorunması, nəsli kəsilmiş və kəsilməkdə olan növlərin bərpası, regiona qaytarılmasına yönəlik həyata keçirdiyi layihələrlə o, ana təbiətimiz üçün əvəzolunmaz işlər görüb.
Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir. Gündəlik həyatda təbiətə qarşı diqqətli olmaq – suya, ağaca, heyvana, havaya qayğı göstərmək – ümumi ekoloji səylərə töhfə verir”.
Ayşən Vəli