Siyasət

“Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir”


“Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi Qələbə əldə etməklə uzun illər işğal altında olan torpaqlarını azad etdi. Bu möhtəşəm zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcı oldu. Böyük Qayıdış dedikdə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və oraya insanların mərhələli şəkildə geri köçürülməsi nəzərdə tutulur. Bu, ölkənin gələcək inkişafı üçün son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, hazırda dövlət bu istiqamətdə çoxşaxəli və ardıcıl fəaliyyət həyata keçirir. Əvvəlcə həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri görülür. Bu, təhlükəsizliyin təmin olunması baxımından ən vacib mərhələlərdən biridir. Eyni zamanda azad edilmiş torpaqlarda infrastrukturun yenidən qurulması işləri sürətlə davam etdirilir: “Yol-nəqliyyat sistemi bərpa olunur, yeni yollar çəkilir, dəmir yolları salınır, beynəlxalq hava limanları tikilir. Füzuli, Zəngilan və Laçın hava limanları artıq fəaliyyətə başlayıb və bu, bölgənin gələcək iqtisadi potensialı üçün ciddi imkanlar yaradır. İnfrastrukturla yanaşı elektrik, qaz, su və rabitə xətləri də yenidən qurulur. Bu proses ekoloji prinsiplərə əsaslanaraq həyata keçirilir və “yaşıl enerji” konsepsiyasına xüsusi önəm verilir. Bir çox yaşayış məntəqələrində günəş və külək enerjisindən istifadə imkanları yaradılır. Şəhər və kəndlər müasir planlaşdırma əsasında yenidən salınır. Ən diqqətçəkən nümunələrdən biri isə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsidir. Bu kənddə bütün kommunikasiya sistemləri, evlər və sosial obyektlər müasir texnologiyalarla təchiz olunub və oraya artıq bir neçə yüz ailə köçürülüb.

Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də planlı şəkildə həyata keçirilir. Artıq Füzuli, Laçın, Xocalı, Zəngilan və digər rayonlara ailələrin köçürülməsinə start verilib. Dövlət tərəfindən qayıdan ailələrə evlər, torpaq sahələri, maliyyə və məişət dəstəyi göstərilir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial obyektlər inşa edilir ki, bu da bölgədə dayanıqlı və rahat yaşayış üçün zəmin yaradır.

Bütün bu görülən işlər göstərir ki, Böyük Qayıdış təkcə fiziki bərpa deyil, həm də milli ruhun, tariximizin və mədəniyyətimizin yenidən canlandırılmasıdır. Uzun illər həsrətində olduğumuz bu torpaqlara həyatın geri dönməsi böyük mənəvi dəyərə malikdir. Bu proses həm də vətəndaşlarımızın öz doğma yurdlarına qürurla, əminliklə qayıtmasını təmin edir. Dövlətin bu məsələyə göstərdiyi diqqət və qayğı, siyasi iradə və iqtisadi imkanlar Böyük Qayıdışın uğurla reallaşacağından xəbər verir.

Fikrimcə, Böyük Qayıdış təkcə keçmişin izlərini silmək və yenidən qurmaq deyil, həm də gələcək nəsillərə güclü, müasir və vətənpərvər bir Azərbaycan mirası qoymaq deməkdir. Bu prosesin davamlı və şəffaf şəkildə həyata keçirilməsi, ictimaiyyətin də bu işə fəal şəkildə cəlb olunması son dərəcə vacibdir. Əgər bu layihə planlı şəkildə davam etdirilərsə, yaxın illərdə işğaldan azad olunan bölgələr nəinki bərpa olunacaq, həm də ölkənin ən inkişaf etmiş və cəlbedici bölgələrindən birinə çevriləcək”.