“Ətraf mühitin mühafizəsi hər kəsin müqəddəs işi olmalıdır”
“Hər il 5 iyunda qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü BMT-nin qərarı ilə təsis edilib. Bu günün təsis olunmasında məqsəd diqqəti canlı aləmin qorunmasına, ətraf mühitin mühafizəsinə yönəltməkdir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Elman Cəfərli sözlərinə belə davam edib: “Bu gün ətraf mühitin mühafizəsi hər kəsin müqəddəs işi olmalıdır. Çünki ekoloji böhran sərhəd tanımır. Bu, heç kimin daxili işi ola bilməz. Söhbət planetimizin taleyindən gedir. Alimlərin hesablamalarına görə, son 100 ildə temperatur 1 dərəcəyədək artıb. Qlobal istiləşmə davam edərsə, Yer kürəsi yaşanmaz bir hala gələ bilər. Qlobal istiləşmənin əsas səbəb insan amilidir. İnsanların sənaye fəaliyyəti, qalıq yanacaqla işləyən nəqliyyat vasitələrinin çoxalması, bəzi məsuliyyətsiz və tamahkar işbazlar tərəfindən yaşıllıq sahələrinin məhv edilməsi, ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi ekoloji böhranı dərinləşdirən amillərdir. Bunun qarşısını almaq üçün yaşıllaşdırma aksiyaları keçirilməli, hər kəs canlı aləmə, ətraf mühitə qarşı duyarlı olmalıdır. İnsanlar dərk etməlidir ki, təbiətə atılan plastik qablar, sellofan torbalar yüzillərlə çürümür və bu mikrooqranizmlərin inkişafına mane olur. Bu gün dənizlər, okeanlar böyük zibilxanalara çevrilib. Bunun qarşısı alınmalıdır. Bunun üçün isə maarifləndirmə tədbirləri həyata keçirrilməli, insanların düşüncəsi dəyişməlidir. İnsanlar dərk etməlidir ki, böyük fəlakətin astanasındayıq. Canlı aləmin qorunması, planetimizin bizdən sonrakı nəsillərə canlı həyatın var olduğu bir yer kimi gələcək nəsillərə ötürülməsi üçün təbiətin qorunması üçün hər kəs səfərbər olunmalıdır.
Son illər Azərbaycanda qalıq yanacaqla işləyən nəqliyyat vasitələrindən imtina, bərpa olunan enerjiyə keçid istiqamətində ciddi addımlar atılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında həyata keçirilən tikinti-quruculuq prosesində ekoloji layihələr tətbiq edilir.
Bakıda, Gəncədə və digər iri şəhərlərdə yaşıllaşdırma aksiyaları təşkil edilib. Yüz hektarlarla meşə sahələri bərpa olunub, salınıb. Bakıda nəqliyyat sahəsində aparılan islahatlar təqdirəlayiqdir. Xüsusən sərnişindaşımada və taksi xidmətində elektriklə işləyən avtobusların artırılması, velosiped yollarının salınması, tramvay xəttlərinin bərpası istiqamətində planlanan işlər alqışlanmalıdır. Lakin bu proses davamlı olmalıdır. Xüsusən yolların kənarında, dairələrdə ağacların əkilməsi, yaşıllıq sahələrinin çoxaldılması vacibdir”.
Ayşən Vəli