İqtisadiyyat

AMB ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb


2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 42,1 % çoxdur.

Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox) olan 62 emissiya prospekti (82,35 % çox) və 3 informasiya memorandumu (25 % az) təsdiq edilib.

Qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması və özəl sektorun maliyyələşmə imkanlarının artırılması məqsədilə 1 iyul – 31 dekabr 2024-cü il tarixləri arasında ilk dəfə səhm buraxılışı edib listinqə alınan şirkətlər listinq haqqından azad edilib. Eyni zamanda il ərzində də kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad olunması güzəşti davam etdirilib, investorların xərclərinin optimallaşdırılması istiqamətində işlər görülüb.