Sosial

Qurbanlıq necə seçilməlidir?


“Qurban ibadəti İslam dinində mühüm yerə malikdir və bu ibadətin düzgün şəkildə yerinə yetirilməsi üçün bəzi şərtlərə diqqət yetirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib.

Vüqar Səmədov sözlərinə belə davam edib: “Qurbanlıq heyvanın seçilməsi, yaşı, fiziki vəziyyəti və kəsilmə vaxtı bu ibadətin qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qurban edilə biləcək heyvanlar

İslami şəriətə görə yalnız dörd növ heyvan qurbanlıq ola bilər:

1. Dəvə cinsi – Qurbanlıq dəvə ən azı 5 yaşında olmalıdır.

2. Qaramal cinsi (inek, camış, dana) – Bu heyvanlar ən azı 2 yaşında olmalıdır.

3. Qoyun və keçi cinsi – Bu heyvanlar ən azı 1 yaşında olmalıdır.

• Əgər qoyun və ya keçi 6 ayını tamamlayıb, zahirən 1 yaşında kimi görünürsə, o da qurbanlıq ola bilər.

Şərikli qurbanlıq

• Dəvə və iribuynuzlu heyvanlara (qaramal) ən çox 7 nəfər ortaq ola bilər.

• Hər iştirakçının niyyəti yalnız qurban ibadəti üçün olmalıdır.

• İştirakçılar arasında ət bərabər şəkildə bölünməlidir.

Qurbanlıq heyvanın xüsusiyyətləri

Qurban ediləcək heyvan:

• Kor, ağır dərəcədə topal, xəstə, çox arıq, qulağı kəsilmiş, quyruxu kəsilmiş, dişi tam tökülmüş, qarnı cırılmış, ayağından birini itirmiş və ya digər ciddi qüsurlu olmamalıdır.

• Kısırlaşdırılmış heyvan qurban ola bilər və bu, şəriət baxımından qüsur sayılmır.

• Ən gözəl və sağlam heyvanlar seçilməlidir. Çünki bu ibadət Allah rizası üçün edilən əməldir. Qurani-Kərimdə buyurulur:

“Allah ancaq müttəqilərdən qəbul edir.” (Maidə, 27)

Qurbanın kəsilmə vaxtı

• Qurban yalnız bayram namazı qılındıqdan sonra kəsilə bilər.

• Bayramın birinci günü bayram namazından sonra başlayaraq üç gün ərzində (yəni Zilhiccə ayının 10, 11 və 12-ci günləri) qurban kəsmək olar.

• Qurban bayramının birinci günü, xüsusilə namazdan dərhal sonra qurban kəsmək daha fəzilətlidir.

• Peyğəmbərimiz (s.a.s) buyurmuşdur:

“Namazdan əvvəl kəsilən qurban, sadəcə ətdir. Qurban yalnız bayram namazından sonra kəsilər.” (Buxari, Müslim)

Qurban ətinin paylanması

• Qurban ətindən öz ailəsi üçün yemək, qohumlara və qonşulara paylamaq, həmçinin ehtiyac sahiblərinə verilmək tövsiyə edilir.

• Ən fəzilətli yol: əti üç hissəyə bölməkdir:

• Bir hissəsi öz ailəsi üçün,

• Bir hissəsi qohum və dostlar üçün,

• Bir hissəsi isə ehtiyacı olanlara paylanır.

Nəticə olaraq:

Qurban ibadəti yalnız heyvanı kəsməkdən ibarət deyil, bu ibadət Allah’a yaxınlaşma, içdən gələn təslimiyyət, sosial həmrəylik və əxlaqi məsuliyyət anlamı daşıyır. Qurbanlıq heyvanı seçərkən, onu sağlam və kamil formada seçmək, bu ibadətin ruhuna uyğun bir addımdır.