Sosial

Seulda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə “Ümumdünya Ətraf Mühit Günü” başlayıb


Cənubi Koreyanın paytaxtı Seulda “Ümumdünya Ətraf Mühit Günü” başlayıb. SİA xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib.

“Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr olunub. Plastik çirklənmə ekosistemlərə, rifahımıza və iqlimə zərər vurur. Plastik tullantılar çayları zibilləyir, okeanı çirkləndirir və vəhşi təbiəti təhlükə altına alır”, – o bildirib.

Təşkilatın Baş katibi həmçinin plastik çirklənmə probleminə son qoymaq və bütün bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq üçün ciddi səylər göstərməyə çağırıb.

Gözlənilir ki, bu gün Azərbaycan 2026-cı il üçün tədbirin ev sahibi ölkəsi elan ediləcək.