Sosial

TV-də yayımlanan verilişlər ictimai şüura necə təsir göstərir?


İnsanlar yerli kanallarda zövqlərini oxşayan, onları düşündürən, maraqlandıran, əyləndirən proqramlar görmədikləri üçün xarici kanallara üz tuturlar. Qəribəsi isə budur ki, kanallarda verilişlərin səviyyəsi aşağı olduqca, reytinqi yüksək olur. İlk baxışdan bu, absurd görünsə də həqiqətdir. Televiziya kanalları öz tamaşaçısının sosial sifarişini yerinə yetirməyə məcburdur. Əks halda kanalın sonu tezləşər. Tamaşaçının sosial sifarişi ilə hazırlanan proqramlar reytinq qazanır. Reytinq aşağı olanda kanalın gəlirləri də azalır. Bu öldürücü formul özəl kanallarımıza qənim kəsilib. Ona görə də, kanallarımız şit, bayağı, səviyyəsiz proqramlardan əl çəkə bilmirlər və bu proqramların girovuna çevriliblər. SİA televiziya verilişləri ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Həqiqət Şamilli: “Müasir dövrdə televiziya verilişlərinin məzmunu mənim şəxsi fikrimcə, qənaətbəxş deyil. Daha çox ictimai, elmi və maarifləndirici proqramlara yer verilsə, cəmiyyət və xüsusilə gənclik üçün daha faydalı olardı. Məncə, bu verilişlərin təsiri kifayət qədər güclüdür. Eyni zamanda ailə tərbiyəsinin də bu sahədə rolu böyükdür, lakin televiziyada nümayiş olunan məzmun bu istiqaməti müəyyən qədər dəyişə bilər. Əgər gənclərimiz üçün maarifləndirici, təbliğedici proqramlar çoxalarsa, bu onların inkişafına müsbət təsir göstərə bilər. Təəssüf ki, hazırda bu cür proqramların sayı az, əksinə, mənfi təsir yaradan verilişlər daha çoxdur. Elm və təhsilə yönəlik proqramlar, intellektual yarışmalar təşkil olunsa, bu sahədə uğur qazanan məktəbliləri və gəncləri ön plana çıxarsalar, bu, həm xalqımızın gələcəyi, həm də gəncliyin motivasiyası baxımından olduqca faydalı olar”.

Şəhər sakini Natəvan Məmmədova: “Müasir dövrdə televiziya proqramlarının əksəriyyəti, xüsusilə də ailə-məişət yönümlü verilişlər, təəssüf ki, cəmiyyətə fayda vermək əvəzinə mənfi təsir göstərir. Elə proqramlar var ki, ailə daxilindəki problemləri süfrə kimi hamının önünə sərir və bunu “həll yolu” kimi təqdim edir. Halbuki, belə məsələlər yalnız ailə daxilində və gizlilik prinsipi əsasında həll olunmalıdır. Psixoloqların fikrincə, hətta, övladın yanında belə valideynlər arasında münasibətlərin gərgin şəkildə müzakirəsi düzgün deyil. Bu, uşağın psixologiyasına mənfi təsir göstərir və onu qorxulu, çaşqın bir mühitə salır. Xarici ölkələrdə ailə üzvləri arasında yaranan narazılıqlar övladın iştirakı olmadan, ayrıca və gizli şəkildə müzakirə olunur. Təəssüf ki, bəzi yerli televiziya proqramları ailə problemlərini ictimaiyyətə açıq şəkildə müzakirəyə çıxarır. Qohumlar, qonşular, bəzən heç ailə ilə əlaqəsi olmayan üçüncü şəxslər bu prosesə cəlb olunur və sanki məhkəmə qurulur. Halbuki, bu proqramların nə hüquqi, nə psixoloji, nə də sosial baxımdan ailə məsələlərini həll etmək səlahiyyətləri və imkanları yoxdur. Belə hallar ailənin daxili hörmət və etimadını dağıdır. Məsələn, bir kişi televiziyada həyat yoldaşının onu aşağıladığını eşidirsə, onun qüruru sınır, ictimai imici zədələnir və nəticədə ailəyə olan hörməti və inamı azalır. Bu isə ailənin dağılmasına səbəb ola bilər. Ona görə də, ailə daxilində yaranan problemlər yalnız ailənin öz çərçivəsində və hörmətlə, gizliliklə həll olunmalıdır. Hətta ikinci şəxslərin qaynana, qayınata və s.bu məsələlərə müdaxiləsi də məhdud olmalıdır. Ailənin öz daxilində qərar verilməsi və birgə həll yolları axtarılması ən sağlam yanaşmadır. Nəticə olaraq, televiziya proqramları ailə institutunun zəifləməsinə deyil, onun gücləndirilməsinə xidmət etməlidir. Ailə mövzularında maarifləndirici, pozitiv və dəyər yönümlü verilişlərə ehtiyac daha çoxdur”.

Şəhər sakini Mərahim Fərzəlibəyov: “Televiziya verilişlərinin keyfiyyəti və məqsədi, əslində, həmin kanalların idarəetmə strategiyasından və məqsədli auditoriyasından asılıdır. Mənim şəxsi qənaətimə görə, xüsusilə Azərbaycan Dövlət Televiziyası (AzTV) və İctimai Televiziya (İTV) bu sahədə xüsusi yer tutur. Bu kanallarda təqdim olunan verilişlər, adətən, yüksək səviyyədə hazırlanır və əsas məqsəd tamaşaçıya keyfiyyətli, maarifləndirici və mədəni məzmun çatdırmaq olur. Hər iki kanal həm gənclər, həm də intellektual səviyyəsi yüksək olan tamaşaçılar üçün faydalı verilişlər təqdim etməyə çalışır. Onların fəaliyyətində əsas hədəf sadəcə reytinq qazanmaq deyil, cəmiyyətin maariflənməsinə və dəyərlərin qorunmasına töhfə verməkdir. Bu da onların peşəkarlıq və sosial məsuliyyət baxımından ciddi yanaşma sərgilədiklərini göstərir. Digər özəl televiziya kanalları isə, təbii ki, daha çox kommersiya yönümlü fəaliyyət göstərirlər. Bu səbəbdən onların təqdim etdiyi proqramlar əksər hallarda daha geniş kütləyə, xüsusilə də, sadə və əyləncə yönümlü məzmun axtaran tamaşaçılara xitab edir. Onlar reytinq və gəlir əldə etməyi əsas məqsəd olaraq götürdükləri üçün, bəzən şou xarakterli və səthi verilişlərə üstünlük verirlər. Bu yanaşma da müəyyən qədər təbiidir, çünki ölkədə çoxsaylı televiziya kanalları fəaliyyət göstərir və bu sahədə ciddi rəqabət mövcuddur. Hər kanal öz auditoriyasına uyğun məzmun təqdim etməyə çalışır. Bununla belə, mən şəxsən daha çox Dövlət Televiziyası və İctimai Televiziyaya üstünlük verirəm, çünki onların təqdim etdiyi proqramlar həm maarifləndirici, həm də milli-mədəni dəyərlərə sadiq qalır. Bu isə uzunmüddətli perspektivdə cəmiyyət üçün daha faydalı və dəyərli nəticələr yaradır”.

Şəhər sakini Laçın Əsgərov: “İctimai Televiziyanın cəmiyyətimizə təsiri olduqca böyükdür. Çünki kütləvi informasiya vasitələri cəmiyyətin inkişafında, mənəvi tərbiyəsində, dünyagörüşünün və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayır. Xüsusilə də, televiziya bu təsirin daşıyıcısı kimi geniş auditoriyaya birbaşa təsir imkanına malikdir. Bu baxımdan İctimai Televiziya öz proqramları ilə milli adət-ənənələrimizin, tarixi irsimizin, mədəni köklərimizin unudulmamasına, əksinə, cəmiyyətə yenidən qazandırılmasına mühüm töhfələr verir. Bu gün informasiya bolluğunun hökm sürdüyü dövrdə televiziyanın, eyni zamanda internetin düzgün və məqsədyönlü istifadəsi gənc nəslin formalaşmasında həlledici rol oynayır. Buna görə də bir vətəndaş kimi arzu edərdim ki, efirə çıxarılan verilişlərə diqqətlə yanaşılsın və cəmiyyət üçün nümunə olacaq, gənclərin örnək götürəcəyi insanlar daha çox təqdim edilsin. Gənclər öz keçmişlərini unutmasınlar, çünki keçmişə bələd olmayan insan gələcəyə doğru sağlam addım ata bilməz. Günümüzdə bu məsələ çox aktualdır və praktik əhəmiyyət kəsb edir. Ona görə də televiziya verilişləri sistemli şəkildə yenilənməli, yeni formatda, yeni struktur və dizaynda proqramlar hazırlanmalıdır. Xüsusilə də, gənclərə xitab edən, onların milli-mənəvi kimliyini gücləndirəcək layihələrə üstünlük verilməlidir. Çünki biz təsadüfi bir xalq deyilik. Azərbaycan qədim, zəngin tarixi olan bir dövlətdir. Bizim xalqımızın keçmişi dərin və mənalıdır. Bəzi xalqlardan fərqli olaraq bizim tariximiz və mədəniyyətimiz çoxşaxəlidir və bu özünüdərk hissini möhkəmləndirmək üçün ciddi əsas verir. Ona görə də, bu məsələ təkcə bu gün üçün yox, gələcək üçün də son dərəcə vacib və strateji əhəmiyyət daşıyır”.

Şəhər sakini Tamara Cabbarova: “Bəzi televiziya verilişlərinin o qədər də yaxşı təsiri yoxdur. Bəlkə də bu, bizim keçmiş nəsil nümayəndələri olmamızla bağlıdır. Ola bilsin ki, müasir dövrün verilişləri ilə emosional yaxınlıq qura bilmirik. Elə buna görə də, mənim üçün o qədər də maraqlı görünmürlər. Məncə, cəmiyyətə müəyyən təsirləri var. Bəzən bu təsir müsbət olur, bəzən isə biz, yaşlı nəsil, həmin dəyişiklikləri qəbul edə bilmirik. Əlbəttə, bu günün gəncləri fərqlidir. Biz başqa bir dövrün insanlarıyıq, bizim zamanımızda başqa dəyərlər, başqa münasibətlər var idi. O vaxtlar hər şey sanki daha gözəl idi insan münasibətləri, mehribanlıq, qarşılıqlı hörmət üstünlük təşkil edirdi. Bunun bir səbəbi də televiziyanın təqdim etdiyi verilişlər idi. O zamanlar televiziyada ailə dəyərlərini, mədəniyyəti, musiqini təbliğ edən verilişlər yayımlanırdı. İnsanlar sevinə-sevinə baxırdılar. Xalq musiqiləri, muğam sənəti geniş yer alırdı. Şövkət Ələkbərova, Tükəzban İsmayılova kimi sənətkarların çıxışları insanlara estetik zövq verirdi. Amma bu gün televiziyanı açanda çox vaxt xoşagəlməz səhnələrlə rastlaşırıq. Təklif edərdim ki, efirdə daha çox milli-mənəvi dəyərlərə əsaslanan, ailə tərbiyəsini önə çıxaran verilişlər yayımlansın. Məsələn, ailədaxili münaqişələrin deyil, mehribanlığın təbliğ edildiyi proqramlar hazırlanmalıdır. Keçmişdə boşanmalar çox nadir hallarda baş verirdi. Cavanlar bir-birinə daha məsuliyyətli yanaşırdı. Ailə müqəddəs sayılırdı. Boşanma fikri insanlara qorxulu gəlirdi, çünki ailədə sevgi və anlayış var idi. Bu gün isə sanki insanlar ailə həyatını daha asanlıqla qırırlar. Kiçik bir anlaşılmazlıq belə, ayrılığa səbəb ola bilir. Halbuki, ailə dəyərləri güclü olanda bu cür problemlər qarşısında insanlar daha dözümlü olur”.

Şəhər sakini Fariz Səmədov: “Əslində, hər kəs həyatında hansı ideologiyanın və dəyərlərin ardınca gedirsə, onun yolunu da tutacaq. İnsan hansı dünya görüşünü rəhbər tutur, hansı liderin, hansı siyasi və ya ictimai fəalın düşüncəsinə yaxın olursa, ona uyğun davranacaq. Bəzən baxırıq ki, bəzi televiziya proqramları siyasi yönümlüdür, və bu da təbiidir. Çünki dünya durmadan dəyişir, qlobal siyasətdə elə proseslər baş verir ki, hadisələr bəzən dəqiqələrlə ölçülür. Belə məqamlarda informasiya vasitələrinin, xüsusilə, televiziya verilişlərinin rolu çox böyükdür. Lakin mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm: bəzən texnoloji vasitələrin, yəni cihazların və platformaların verdiyi imkanlar da, təəssüf ki, düzgün istiqamətdə istifadə olunmur. Burada məsuliyyətli yanaşma vacibdir. Həm fərdi istifadəçilər, həm də media qurumları bu güclü vasitələrdən düzgün istifadə etməlidirlər ki, cəmiyyətə müsbət təsir göstərsinlər.”

Şəhər sakini Seymur Əzizov: “Müasir dövrdə sözə və mediaya qarşı münasibətimiz dəyişməkdədir. Televiziya proqramlarının, xüsusilə də son 15 ildə məzmun baxımından zəiflədiyini müşahidə edirik. Mən deyərdim ki, bu müddət ərzində televiziya tamaşaçılarının sayı təxminən 70% azalıb. Əhali artıq televiziya ilə deyil, əsasən internet vasitəsilə məlumat alır. Halbuki, televiziya bu gün də cəmiyyətə təsir gücünü qorumaqdadır. Çox istərdik ki, televiziya kanallarımız daha səmərəli, maarifləndirici və nümunəvi proqramlara üstünlük versinlər. Elə verilişlər hazırlanmalıdır ki, insanlar ailəliklə ona baxmaq istəyində olsunlar. Təəssüf ki, hazırda bəzi verilişlərdə yalnız məşhur simaların səhnə görüntüləri təqdim olunur, onların şəxsi həyatları və əsl yaşayış tərzləri isə cəmiyyət üçün nümunə ola biləcək formada əks etdirilmir. Əslində, televiziya böyük tərbiyəvi gücə malikdir. Burada qəhrəmanların, elm və sənət adamlarının həyat nümunələri təqdim olunsa, bu, gənclər üçün çox dəyərli bir yol göstərici olar. Biz istəyirik ki, gənclik televiziyaya yenidən maraq göstərsin və bu maraq onlara müsbət təsir etsin. Çünki gənclər gələcəyimizin daşıyıcılarıdır. Bu baxımdan televiziya yalnız əyləncə vasitəsi deyil, həm də sosial siyasət alətidir. Əgər düzgün istiqamət seçilərsə, cəmiyyətin mənəvi və mədəni inkişafında böyük rol oynaya bilər. Xüsusilə də gənclərə yönəlmiş, maarifləndirici, təcrübəvi proqramlara ehtiyac var. Belə proqramlar vasitəsilə gənclərimizi düzgün formalaşdırmaq və sağlam cəmiyyət qurmaq mümkündür”.