“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü azaldır
Bu gün bütün dünyada Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir və diqqəti ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır.
SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ekoloji tarazlığa təsir edən amillərdən biri də şübhəsiz ki, avtomobil nəqliyyatıdır. Hazırda yer üzündə təxminən 1,5 milyard avtomobil istifadə edilir. Avtomobil nəqliyyatı havanın çirklənməsinin əsas mənbələrindən biri olmaqla ekologiyaya əhəmiyyətli dərəcədə təsir göstərir.
Ölkəmizdə avtomobil nəqliyyatı ilə bağlı qayda və tələblərə nəzarəti həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin missiyası həm də dayanıqlı, ekoloji təmiz, səmərəli yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir. Nəqliyyatda karbon emissiyalarının azaldılması iqlim dəyişikliyi ilə mübarizənin əsasını təşkil edir və buna yalnız kompleks tədbirlərlə nail olmaq olar. Söhbət yaşıl nəqliyyat növlərinə keçiddən, piyadalar və mikromobillik vasitələri üçün yol infrastrukturunun yaradılmasından, eləcə də ictimai nəqliyyata marağın artırılmasından gedir.
Bakıda tam olaraq “yaşıl ictimai nəqliyyat”a keçid qarşıda duran əsas vəzifələrdəndir. Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə işləyən və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir. Bu il Çinin BYD şirkəti ilə birlikdə elektrobusların yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur.
Bakıda mikromobillik vasitələrindən istifadənin artması atmosferə atılan tullantıların azalmasına gətirib çıxarıb. Avtobus və velosiped zolaqları hərəkətin fasiləsizliyinə və ekoloji yükün səviyyəsinin enməsinə müsbət təsir göstərib. AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 kilometrə çatdırılması hədəflənib.
Taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir. İslahatlara qədər taksi parkının təxminən 62 faiznin yaşı 15-dən yuxarı idisə, indi onların orta yaşı 7 ildir.
Daha az avtomobil və daha təmiz nəqliyyat vasitələri daha az karbon qazı və digər zərərli maddələr deməkdir. Gələcək “yaşıl nəqliyyat”ındır və hədəfi dayanıqlı şəhər mühiti olan AYNA üçün bu məsələ prioritetdir.