“Azərbaycan ən çox elektrik enerjisini Türkiyəyə ixrac edir”
Son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir. SİA xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, enerji Gürcüstan üzərindən ötürülür: “Əvvəlki illərdə Türkiyə üzərindən isə Avropa ölkələrinə az da olsa elektrik enerjisi ixrac olunub”.
Nazir müavini qeyd edib ki, yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək: “Həm Naxçıvanda, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən elektrik enerjisinin muxtar respublika üzərindən Türkiyəyə ixracı nəzərdə tutulur. Naxçıvan Azərbaycanın ən güclü günəş radiasiyasına malik bölgəsidir. Bölgənin külək enerjisi potensialı da yüksəkdir. Burada bərpaolunan enerji potensialı təxminən 6 GVt qiymətləndirilir. Bunun 1 GVt-ı Türkiyəyə ixrac edilə bilər”.
E.Soltanov Cəbrayıl rayonunda tikilən 330 kVt-luq yarımstansiya barədə də danışıb: “Bu, Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsində son halqadır. Bu xətt Zəngəzur Dəhlizi və yaxud Araz Dəhlizi vasitəsilə, yaxud hər iki marşrutla Naxçıvana birləşdiriləcək. Beləliklə, həm muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq, həm də Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürüləcək”.
Bundan başqa, nazir müavininin sözlərinə görə, 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payı 35,5 %-ə yüksələcək: “Bərpaolunan enerji yatırımlarını artıran Azərbaycan təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyərək, eyni zamanda elektrik enerjisi ixracını da genişləndirəcək. Layihələr çərçivəsində istehsal edilən enerji əsasən Avropaya çatdırılacaq. Bu kontekstdə Türkiyə həm Azərbaycanın elektrik enerjisini alan ölkə, həm də Avropa bazarlarına çıxış üçün tranzit ölkə kimi ön plana çıxacaq”.