Çin bəzi nadir metalların ixracı üçün məhdudiyyəti yumşaldıb
Çin bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi qadağını yumşaldıb.
SİA xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb. Qərarın verilməsində səbəb robot və ekoloji təmiz avtomobillər istehsalı daxil olmaqla qlobal tələbatın artmasıdır. Nazirliyin açıqlamasında ixracına yumşalma tətbiq olunan metalların siyahısı göstərilməyib.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Birləşmiş Ştatlara nadir torpaq minerallarının ixracına icazə vermək barədə razılığı olduğunu açıqlayıb.
Qeyd edək ki, Çin hökuməti Donald Tramp administrasiyasının Çin mallarına idxal rüsumlarını artırmağa başlayandan, yəni, fevraldan nadir yer metallarının, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına məhdudiyyət tətbiq edir. Rəsmi Pekin həmin qərarını ölkənin milli təhlükəsizliyini və mənfəətini qorumaq, habelə silahların yayılmasının qarşısını almaq kimi beynəlxalq öhdəliyi yerinə yetirmək, qlobal istehsal və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək məqsədi ilə qəbul etdiyini açıqlamışdı. Sözügedən nadir metallar müdafiə sənayesi məhsulları, yaşıl enerji avadanlığı, smartfon, elektrik avtomobillərinin batareyalarının istehsalı da daxil olmaqla bir çox sahə üçün vacib minerallardır.
İyunun 7-də Çinin Xarici İşlər Nazirliyi Londonda Çin-ABŞ iqtisadi və ticarət məsələləri üzrə görüş keçiriləcəyini açıqlayıb. Görüşdə iştirak etmək üçün Çin Baş nazirin müavini Hı Lifenin rəhbərliyi ilə nümayəndə heyəti iyunun 8-13-də Londonda səfərdə olacaq.