Turizm

Azərbaycanın turizm potensialı Cənubi Koreyada təqdim olunur


Azərbaycanın turizm potensialı 5-8 iyun tarixlərində Koreya Respublikasının paytaxtında keçirilən Seul Beynəlxalq Səyahət Sərgisində (Seoul International Travel Fair – SITF) nümayiş etdirilir. Bu barədə SİA-ya Dövlət Turizm Agentliyindən bildirilib.

Koreya Respublikasının aparıcı turizm sərgilərindən biri olan “SITF” qlobal turizm peşəkarları üçün şəbəkələşmə, innovativ tendensiyaların öyrənilməsi və turizm sənayesində tanıtım imkanları yaradan dinamik platforma rolunu oynayır.

Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və 5 yerli tərəfdaş tərəfindən təmsil olunur. Ziyarətçilərə Azərbaycanın mədəniyyəti, milli mətbəxi və təbiət turizmi ilə əlaqdar məlumatlar təqdim olunur.

Sərgi zamanı Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanın Seuldakı səfiri Ramin Həsənov milli stendi ziyarət edib.