İqtisadiyyat

Azərbaycan enerji diplomatiyasının zirvəsində


2 iyun 2025- ci il tarixində Baku Expo Mərkəzində start götürən Bakı Enerji Həftəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı növbəti dəfə öz tarixi və strateji mesajları ilə ölkəmizi bir daha dünyanın diqqət mərkəzinə çevirdi.

Prezident Əliyev çıxışına 1994-cü ildə imzalanmış və Azərbaycanın energetika xəritəsini dəyişən “Əsrin müqaviləsi”nə istinad edərək başladı. O, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu müqavilənin Ermənistanın işğalına və 1 000%-ə çatan inflyasiyaya malik çətin iqtisadi vəziyyətdə imzalandığını xatırlatdı. Bu müqavilə Azərbaycanın müstəqilliyini bir daha tanıtdı və regionu enerji xəritəsinə çevirdi.

Prezident İlham Əliyev Azərbaycanda neft-qaz sektorunun ÜDM-də payının 30%-i keçdiyini, ölkənin iqtisadi islahatlarla gücləndiyini və xarici borcun ÜDM-in cəmi 7%-i səviyyəsində olduğunu qeyd etdi. Əlbəttə ki, maliyyə ehtiyatlarının bu borcdan 14 dəfə üstün olması və yoxsulluq səviyyəsinin 5%-ə düşməsi ölkə daxilində sosial rifaha göstərilən diqqətin bariz nümunəsidir.

Prezident, Azərbaycanın nəqliyyat və enerji infrastrukturuna yönəlmiş məsuliyyətli siyasətini vurğuladı. Cənub Qaz Dəhlizi vasitəsilə qazın 3 500 km yol qət edərək Xəzərdən İtaliyaya qədər çatdırılması enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır. Belə ki, boru kəmərləri yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi güc elementinə də çevrilib.

“2024-cü ildə Azərbaycan 12 ölkəyə qaz ixrac edirdi” deyə qeyd edən cənab Prezident, bu ilin mayında ixracın 8 dövlətə əlavə artacağını, 2024-cü ildə ölkənin 25 milyard kubmetr qaz ixrac etdiyini, 2030-cu ilədək isə bu rəqəmi 33 milyard m³-ə qaldırmağı planlaşdırdığımızı bildirdi. Prezident əlavə etdi ki, bu artım beş mövcud və ya yeni yatağın hasiləti hesabına təmin ediləcək.

Dövlət başçımız çıxışında,

“Şəfəq-Asiman” blokunun inkişafı üzrə SOCAR, BP və Türkiyənin TPAO şirkətləri arasında əməkdaşlıq əldə edildiyini, bu blokun Xəzərin 125 km dərinliyində yerləşdiyini və TPAO-nun 30 % payı ilə işləyəcəyini də açıqladı. Qeyd etmək yerinə düşər ki, Türkiyə ilə enerji infrastrukturu çərçivəsində 2023-cü ildə istifadəyə verilmiş İğdır-Naxçıvan qaz boru kəməri kimi layihələr də uğurla davam edir.

Azərbaycan eyni zamanda 2030-cu ilədək yenilənə bilən enerji gücünü 6,5 GW səviyyəsinə çatdırmağı planlaşdırır və bu, enerji şəbəkəsinin 35%-i deməkdir.

BP şirkəti ilə Qarabağda tamamlama işlərinin 2027-ci il üçün nəzərdə tutulduğu 240 MW-lıq günəş elektrik stansiyasının inşa edilməsi isə yaşıl enerji strategiyasının konkret nümunəsidir.

Prezident İlham Əliyevin nitqi göstərdi ki, Azərbaycan güclü energetika ölkəsinə çevrilməkdə davam edir – neft və qazın ixracı, beynəlxalq əməkdaşlıqlar (BP, ExxonMobil, TPAO), infrastruktura yatırımlar və yaşıl enerji strategiyaları ilə Azərbaycan hər gün yeni uğura imza atır. Bu strategiya Azərbaycanın yalnız iqtisadi və geosiyasi mövqeyini gücləndirmək deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfə vermək niyyətində olduğunu göstərir. Ölkəmizin bu sahədə uğurları Türkiyə ilə əməkdaşlıq, maliyyə sabitliyi, sosial rifah və keyfiyyətli idarəçiliklə birgə formalaşdırılır.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Forumda ölkə Prezidenti cənab İlham Əliyevin əhatəli nitqi, toxunduğu məsələlər Azərbaycanın enerji xəritəsindəki yerinin strateji və etibarlı bir tərəfdaş olaraq möhkəmləndiyini, enerji diplomatiyasının zirvəsində yer aldığını bir daha təsdiq etmiş oldu.

Jalə Əliyeva

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini