Cənubi Koreyada prezidentlə bağlı araşdırmalar təxirə salınıb
Seul Ali Məhkəməsi Prezident Li Çje Myon barəsində seçki vəzifələri haqqında qanunu pozması ilə bağlı iş üzrə araşdırmaları qeyri-müəyyən müddətə təxirə salıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi xəbər verib.
Apellyasiya Məhkəməsi iş üzrə iyunun 18-nə planlaşdırılan iclası ləğv etsə də, yeni tarix təyin etməyib. Hakimlərin istinad etdikləri konstitusiyanın 84-cü maddəsinə əsasən, hakimiyyətdə olan prezident dövlətə xəyanət və qiyam ittihamları istisna olmaqla, cinayət işlərinə görə təqib oluna olmaz.
2024-cü ilin noyabrında rayon məhkəməsi Li Çje Myonu seçkili dövlət vəzifələri haqqında qanunun pozulması ilə bağlı iş üzrə şərti cəzaya məhkum edib. Məhkəmə belə qənaətə gəlib ki, o, 2021-ci ildə seçkiqabağı kampaniya zamanı bir neçə yalan bəyanat verib. Martın 26-da ikinci instansiya məhkəməsi olan Seul Ali Məhkəməsi bu qərarı ləğv edərək siyasətçiyə bəraət verib.
Lakin mayın 1-də Koreya Respublikasının Ali Məhkəməsi bəraət hökmü ilə razılaşmayaraq işi ikinci instansiya məhkəməsinə qaytarıb. İlkin olaraq təkrar dinləmənin mayın 15-də keçirilməsi gözlənilirdi, lakin məhkəmə o vaxtkı müxalifət partiyasının nümayəndələrinin çağırışları fonunda seçki kampaniyasının keçirilməsi üçün ədalətli şəraitin təmin edilməsi məqsədilə dinləmələri seçkilərdən sonrakı dövrə – iyunun 18-nə təxirə salıb.