Siyasət

“15 iyun – millətin arzularının gerçəkləşdirilməsinin təməlini qoyan gündür”


“1993-cü ilin 15 iyun tarixindən 32 il keçir. Məlum olduğu kimi, maraqların toqquşduğu siyasətin göstəricisi olan tarixi hadisə və proseslər bir cür baş versə də onlara verilən qiymət adətən fərqli olur. Qiymətləndirməyə müxtəlif siyasi təşkilatların, qrupların, şəxslərin maraqları və iddiaları təsir edir. Belə fərqli yanaşmalar təbiidir. Çünki həyat yaranandan bəri daim əksliklərin vəhdəti və mübarizəsi gedib və indi də gedir. Cəmiyyətin inkişafının təməlində elə fikir müxtəlifliyi, əksliklərin vəhdəti və mübarizəsi dayanır. Onu aradan qaldırmaq mümkün deyildir. Lakin dünya tarix elmində qəbul edilmiş ümumi metodoloji prinsiplərə görə, hər hansı bir tarixi hadisə və prosesə verilən qiymətdə başlıca meyar onların özündən sonrakı inkişafa necə təsir etməsi, dövlət və millət üçün nəticələrinin müsbət və mənfi olması, hökumətin fəaliyyətinə düzgün qiymət verilməsi isə qarşıya qoyduğu məqsəd və vəzifələri necə yerinə yetirməsi, faydaları və ziyanları ilə ölçülür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis Sədrinin müavini Musa Qasımlı deyib.

Musa Qasımlı sözlərinə belə davam edib: “1997-ci ilin iyun ayından etibarən Milli qurtuluş günü bayramı elan edilən 15 iyunun mahiyyətini, onun nəticələrini dərk etmək və müvafiq nəticələr çıxarıb ibrət dərsləri almaq müstəqil dövlətimizin və millətimizin keçdiyi yolu, mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Ona görə də ilk növbədə 15 iyunadək Azərbaycandakı sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji şəraitə və xarici siyasət fəaliyyətinə nəzər yetirmək zəruridir. Elə isə 15 iyunadək ölkədə daxili sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji şərait və xarici siyasətin ümumi mənzərəsi necə idi?

15 iyunadək olan şəraitin qısa mənzərəsi: ümumi böhran məngənəsində

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vacib vəzifələrin yerinə yetirilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti yaratmaq; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandırmaq, nəticələrini aradan qaldırmaq və s.

Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı daxili işlərə kobud müdaxilə davam edir, tarixi Azərbaycan torpaqları olan və Ermənistan adlandırılan bu respublikada dədə-baba yurdlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrilir, ərazinin etnomədəni mənsubiyyəti itirilir, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar yandırılırdı. Bunlarla yanaşı Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin əhalisi məcburi köçkünə çevrilirdi. Problemləri həll etmək əvəzində hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında bütün mümkün vasitələrlə mübarizə gedirdi.

1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi ölkə qarşısında dayanan problemləri həll edə bilmədi, vəziyyət daha da pisləşdi. Dövlət idarəçiliyində səriştəsizlik, problemlərin yanlış qoyulması, onların həllinə səhv, primitiv, məhdud yanaşma, qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında ixtilaflar, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin çoxalması şəraitində əhalinin artan narahatlığı, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud davranışlar, ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumların elan edilməsi, Azərbaycan xalqının parçalanma astanasında olması, vəziyyətdən çıxmaqdan ötrü sabaha ümidlərin olmaması, yürütdüyü siyasət nəticəsində hakimiyyətin xalqdan ayrı düşməsi, ona bəslənən ümidləri doğrulda bilməməsi acınacaqlı şərait yaratmışdı.

​Belə bir vəziyyətdə ölkəni xarici hərbi təhlükədən qorumaq mümkün deyildi. Cəbhədəki uğursuzluqlar bir-birini əvəz edirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan bir qrup hərbçi Gəncədə “Hərbi birlik” yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissədə qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən həmin hərbi hissəyə hücum edildi. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. Qiyamçı dəstələr Bakıya doğru hərəkət etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanını tökməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Millət heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.

Xalqın mənəvi-psixoloji böhranı baş verirdi. Sabaha ümid yox idi.

Ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etməli olan xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyatlara əsaslanan xarici siyasətin yürüdülməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya bədxahları bitərəf, bitərəfləri dosta çevirmək əvəzində ölkəyə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.

Müstəqilliyin bərpasından sonra bəzi addımlar atılsa da dövlət quruculuğu sanki kağız üzərində qalaraq bəyanat xarakteri daşıyırdı. Elan edilən dövlət müstəqilliyi itirilmək, ölkə parçalanmaq Astanasında idi.

Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə real olaraq hər hansı bir məsələni həll etmək gücündə olmayan hakimiyyət ölkəni ümumi böhrana düşürmüşdü. Azərbaycan xalqı tarixinin ağır günlərini yaşayırdı.

Xalqın və dövlətin taleyi üçün məsuliyyəti öz üzərinə götürmüş hakimiyyət nümayəndələri belə ağır şəraitdə bir-birinin ardınca istefa verərək canlarını qurtarmaq yolunu tutdular. Onlardan bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, milli dövlətçilik tarixinin utancverici anı olub, gələcəkdə müraciət ediləsi səhifə deyildir.

Azərbaycanı bu vəziyyətdən kim çıxara bilər? Niyə məhz Heydər Əliyev?

Azərbaycan xalqı düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu arayırdı. Adamlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaqdır? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu yükü, məsuliyyəti öz üzərinə götürə bilən tarixi şəxsiyyət, lider varmı? Çoxlu çətin suallar qarşısında dayanan Azərbaycan xalqının nəzərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevə yönəldi. Heydər Əliyevə olan inamın bir sıra əsaslı səbəbləri var idi. Birincisi, Heydər Əliyev sovet sisteminin, kommunist ideologiyasının mövcud olduğu bir şəraitdə, 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşkilatçılıq və idarəçilik bacarığı ilə xalqının başını uca etmiş, onu qabaqcıllar cərgəsinə çıxarmışdı. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edilib ilhaq olunduqdan sonra daim özlərini sındırılmış hesab edən azərbaycanlılar XX əsrdə Bakı küçələrində yalnız iki dəfə başlarını dik tutaraq, güvənərək gəzməyə başlamışdılar. Birinci dəfə Azərbaycan və Osmanlı hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri 1918-ci il sentyabrın 15-də yadellilərdən azad edildikdən sonra, ikinci dəfə isə 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə.

İkincisi, Heydər Əliyev dünyanın quru ərazisinin altıda bir hissəsini tutan SSRİ-nin rəhbərlərindən biri olduqdan – 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildikdən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra xarici ölkələrin tarixçilərinin yazdığı kimi, “triumvirat” sayılan sovet dövlət və siyasi xadim olaraq Azərbaycan xalqının başını daim uca etmişdi.

Üçüncüsü, Heydər Əliyev Moskvadakı sovet və partiya vəzifələrindən çıxdıqdan sonra həyatı təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 yanvar qırğınını törədənləri ittiham etmiş, xalqının yanında olmuş, Naxçıvanda yaşayarkən ağsaqqal deputat kimi sədrlik etdiyi iclasda Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, sovet dövlətinin və kommunist ideologiyasının düşmən saydığı və inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olunmuş, bu barədə Bakıya təklif edilmiş, hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir şəraitdə bütün təzyiqləri və təhdidləri rədd edərək SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan verməmişdi. Kommunist Partiyası sıralarından istefa verməklə bu ideologiyanın çökməsinə güclü təsir etmişdi. Naxçıvan müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı yer olmuşdu. ​Dördüncüsü, Heydər Əliyev 1990-cı ildən etibarən Milli Məclisdə etdiyi çıxışlarında Azərbaycan xalqının gələcəyinin yalnız müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi. Dövlət müstəqilliyi haqqında konstitusiya aktına imza atmışdı.

Xalqın dərin inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Qurtuluş naminə dönüş

Bakıya gələrək parlamentdə çıxış edən Heydər Əliyev sonra qiyamın baş verdiyi Gəncə şəhərinə təkbaşına, yalnız jurnalistlərlə getdi. Onunla getmək istəyən deputatlara dedi ki, mən tək gedirəm, ya mənə qədər gedərdiniz, ya da məndən sonra gedərsiniz, dövlət nümayəndəsi qorxmamalı, cəsarətli olmalıdır.

Heydər Əliyev şəhər əhalisi ilə görüşərək şəraitlə tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

​Dünya xalqlarının dövlətçilik tarixinin təcrübəsi göstərir ki, bəzi görkəmli dövlət xadimləri ikinci dəfə hakimiyyətə qayıdıblar. Məsələn, partiya mənsubiyyətini dəyişmiş görkəmli siyasi və dövlət xadimi Uinston Çerçill Böyük Britaniya və Şimali İrlandiya Krallığında, Şarl de Qoll Fransada, Süleyman Dəmirəl Türkiyədə seçkilər yolu ilə yenidən hakimiyyətə gəliblər. Lakin Heydər Əliyevin Bakıya gəlişi onlara bənzəmirdi. Bu qayıdış sadəcə parlamentin sədri vəzifəsini tutmaq deyil, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu olan ağır böhran şəraitində xilaskarlıq, qurtuluş naminə dönüş idi. Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində çoxlu mürəkkəb vəzifələri yerinə yetirmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət hakimiyyət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması lazım ikən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanlara sakit və təhlükəsiz yaşayış yaratmaq, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı böhrandan çıxararaq inkişafa aparmaq, mənəvi-psixoloji ruhunu yüksəltmək, dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək bütün sahələrdə uğurlu islahatlar aparmaq, ordu qurmaq və torpaqları düşmən işğalında qurtarmaq üçün hazırlaşmaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi.

Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi mürəkkəb və çətin bir iş idi.

Hakimiyyətin qanadları arasında sıx birliyin tələb olunduğu bir zamanda Prezident Əbülfəz Elçibəyin Bakıdan doğulduğu Naxçıvan Muxtar Respublikasının Kələki kəndinə getməsi onsuz da çətin olan şəraiti daha da ağırlaşdırdı. Bu, Azərbaycan dövlətçilik tarixində çox pis an idi.

Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Parlamentin prezident səlahiyyətini verməsilə dövlətin və millətin taleyi ilə bağlı bütün məsuliyyəti Heydər Əliyev öz üzərinə götürdü. Ölkəni, dövləti və xalqı bəlalardan qurtaran Heydər Əliyevin bu fəaliyyəti xilaskarlıq, qurtuluş missiyası daşıdı.

Bəs, 15 iyunda Azərbaycan xalqı nədən xilas oldu? Azərbaycan xalqı nədən qurtuldu?

Heydər Əliyevin parlament sədri, oktyabr ayında isə prezident seçilməsi ilə Azərbaycan xalqı ilk növbədə dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Çünki hakimiyyətin bacarıqsız fəaliyyəti ölkəni bütün sahələrdə – iqtisadi, sosial, siyasi, milli təhlükəsizlik, mənəvi, psixoloji və b. fəlakətə düşürmüşdü. Ölkədə yaranmış ağır şəraitdən istifadə edən xarici düşmənlər daxildə olan bəzi qrupların köməyi ilə öz çirkin məqsədlərini həyata keçirməyə başlamışdılar.

İkincisi, Azərbaycan xalqı böyük bir tarixi ləkə ola biləcək və kandarında dayandığı qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən qurtuldu.

Üçüncüsü, Azərbaycan Respublikası xaricdən dəstəklənən separatçılıqdan və parçalanmaqdan xilas oldu, xalq dövlətinin bütövlüyünü qorudu.

Dördüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu.

Beşincisi, Azərbaycan bütün sahələrdə millətin ümumi səviyyəsindən aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verməyən və nəhayət, müstəqil Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələri yerinə yetirməyə qadir olmayan bacarıqsız hakimiyyətindən xilas oldu.

Altıncısı, Azərbaycan xalqı hakimiyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlərlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən xilas oldu. Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. 15 iyundan sonra nələr oldu?

15 iyundan sonrakı tarixə qısa baxış

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir mərhələ başladı. Bu, müasir müstəqil dövlətin xilası və möhkəm əsaslarda qurulmasının başlanmasıdır. Hakimiyyətə gəlişi ilə ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu.

Uğurlu Horadiz əməliyyatı ilə düşmənə zərbə vuruldu. Bir sıra ərazilər işğaldan azad edildi. İşğalçı ölkə və havadarları Azərbaycanın qəti mövqeyini gördülər.

Dövlətin və millətin inkişafı baxımından tarixi əhəmiyyət daşıyan bir sıra məsələlər həll olundu. Azərbaycan dövləti 1994-cü ilin may ayının əvvəllərində NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev atəşkəsə torpaqları azad etmək üçün güclənməkdən, dövləti və ordunu qurmaqdan, xarici sərmayəni cəlb etməkdən ötrü vaxt qazanmaqda vasitə kimi baxırdı. Elə ona görə də atəşkəsdən sonra Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi naminə möhtəşəm bir addım atdı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrinin transmilli şirkətlərilə “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyev bir-biri ilə didişən, rəqabət aparan ölkələri, transmilli şirkətləri ortaq məxrəcə gətirərək Azərbaycanda əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdən ərazisinin böyük, əhalisinin sayının çox olmamasına baxmayaraq, Azərbaycan onları bir masa arxasında oturda bildi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, maraq dairəsinə çevirən amillər hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Təbii sərvət olan neft və qazı Azərbaycanın milli sərvətinə çevirən Heydər Əliyev ölkənin inkişafının açarını məhz bunlarda gördü.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən sui-qəsdlər, dövlət çevrilişi və qiyam cəhdləri Azərbaycanı yolundan döndərə bilmədi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə qiyam cəhdi Heydər Əliyevin qətiyyəti və siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz əhəmiyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı, utancverici təcrübəyə son qoyuldu.

Dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısının alınması digər bir vacib məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermir, sərmayə qoymaqdan çəkinirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişi və qiyam cəhdlərinin qarşısı alındıqdan, sabitlik yaradıldıqdan sonra Azərbaycana investisiya axını başladı. Yeni neft strategiyası güclü dövlətin qurulmasına, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin, gələcək inkişafına ciddi təsir edən, ölkənin tərəqqisinin və vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönələn siyasətin başlıca amillərindən biri oldu.

Heydər Əliyev Azərbaycan tarixində digər bir tarixi əhəmiyyətli məsələni həll etdi. Bilindiyi kimi, Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etsə də hələ dövlətin əsas qanunu qəbul edilməmişdi. Bilavasitə onun rəhbərliyi altında və 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının konstitusiyası işlənib hazırlandı, referendum yolu ilə qəbul edildi. Müstəqil Azərbaycan Respublikası parlamentinə çoxpartiyalı əsasda seçkilər keçirildi. Bununla da yaxın keçmişin acı qalmaqallı parlament təcrübəsi tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə yönəlmiş fəaliyyətləri müdafiə edən deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri olan bir orqana çevrildi.

Milli iqtisadiyyatın azad bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması üçün addımlar atıldı. İslahatlara başlanıldı. İqtisadiyyatda liberallaşma genişləndi. Özəlləşdirilmə həyata keçirildi.

Sabitlik bərqərar edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə keçid baş verdi. Demokratik islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

“Allahın insana verdiyi canı yalnız Allah ala bilər” fəlsəfəsinə hakim olan Heydər Əliyev Azərbaycan tarixində nəhəng əhəmiyyət daşıyan bir qərara imza ataraq ölkədə ölüm hökmünü ləğv etdi.

Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Hərbi-sənaye kompleksi yaradılmağa başlandı.

Milli ideyaları vahid milli ideologiya olaraq sistemləşdirərək formalaşdıran Heydər Əliyev bütün ölkə vətəndaşlarını azərbaycançılıq əsasında birləşdirdi. Etnik millətçiliyə dayanan yanaşmadan qətiyyətlə imtina edən Heydər Əliyev bütün vətəndaşların şəxsiyyət vərəqəsində “Azərbaycan Respublikasının vətəndaşı” yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş nəhəng fəaliyyət və ilk idi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq anarxiyadan sabitliyə, demokratiyaya, ağır həyat şəratindən firavan yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı.

Azərbaycan mədəniyyətinin inkişafı üçün yeni imkanlar yaradıldı. Dünya ölkələri ilə mədəniyyət sahəsində əlaqələr genişləndirildi.

Heydər Əliyev xaricdə yaşayan həmvətənlərlə işin qurulması və reallaşdırılması üçün müvafiq qurum yaratdı. Soydaşlarla əlaqələr genişləndirildi. Azərbaycan Respublikası dövləti onların qürur mənbəyinə çevrildi.

Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının xarici siyasət strategiyasını müəyyənləşdirən Heydər Əliyev dövlətin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasət xətti yürütməyə başladı. Heç bir dövlətin və ya dövlətlər qrupunun yanında yer almayan, yalnız özünün milli-dövlət maraqlarını güdən, çoxqütblü siyasət reallaşdıran Azərbaycan dövlətinin strateji müttəfiqləri, strateji tərəfdaşları, tərəfdaşları dəqiqləşdirildi, mehriban qonşuluq münasibətlərini qurmaq üçün addımlar atıldı.

Şaxələndirilmiş ixrac neft boru kəmərləri işə salındı və ya təməli atıldı. Bakı –Novorossiysk şimal, Bakı –Supsa ilkin qərb, Bakı –Tbilisi – Ceyhan əsas ixrac neft boru, Bakı –Tbilisi – Ərzurum qaz boru kəmərlərinin əsası qoyuldu. Bu boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyini gücləndirən, xalqın maddi rifah halını və mənəvi-psixoloji ruhunu yüksəldən amillər oldular. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son qoyuldu.

Heydər Əliyevin bacarıqlı əməkdaşlıq fəaliyyəti nəticəsində Böyük ipək yolu bərpa edildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Mərkəzi Asiyanın yeni müstəqil dövlətləri Azərbaycan üzərindən qərbə çıxış əldə etdilər. Onların geosiyasi mövqeyi gücləndi. Dünya ticarət yolları üzərində əlaqələndirici qovşaq ölkələrdən biri olan Azərbaycanı dünyanın mərkəzlərindən birinə çevirən Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması müstəsna tarixi əhəmiyyət daşıyan hadisə idi.

Beynəlxalq mövqeləri möhkəmləndirən, Avropa ilə Asiyanın qovşağında yerləşən və əhəmiyyəti artan Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.

Problemlər necə həll edildi?

Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin və ölkənin parçalanmasının qarşısını xalqa arxalanaraq top-tüfəngsiz, qan tökmədən alan Heydər Əliyev böyük uzaqgörənliklə ən vacib problemləri həll etdi. Xalq ona etibar etdi və inandı. Problemlərin həllində Heydər Əliyev şəxsiyyəti amili və liderlik keyfiyyəti müstəsna rol oynadı. Separatçıların qadınlar tərəfindən vedrələrlə qovulması ilə gələcəkdə belə xülyaya düşənlərə bir dərs verildi.

Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda dövlət möhkəmləndirildi, ölkə müasirləşmə, modernləşmə üçün hazırlandı. Yaxın illərin təcrübəsi sübut edir ki, yeni müstəqil dövlətlərdə hələ dərin ənənələr formalaşmadığından mürəkkəb anlarda problemlər yaranır. Ona görə də həmin ölkələrdə dövlət rəhbərinin şəxsiyyəti və bacarığı müstəsna aparıcı rol oynayır. Bu baxımdan XXI əsrin görkəmli dövlət və siyasi xadimi İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, qüdrətli millət siyasətinin davam etdirilməsini istəyən vətəndaşların şansı oldu.

Ulu öndərin gerçəkləşən arzuları

Azərbaycan xalqının qarşısında dayanan ən böyük vəzifə torpaqları düşmən işğalından azad etmək idi. Seçicilərin böyük əksəriyyətinin səsi ilə İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni bir keyfiyyət mərhələsi başladı. Bu, Azərbaycan Respublikasının müasirləşməsi, onun tərkib hissəsi olan modernləşdirilməsi, ərazilərin Ermənistan işğalından qurtarılması uğrunda hazırlıq mərhələsi idi. Həmin məqsədə çatmaqdan ötrü o zamana qədərki Azərbaycan tarixində görünməmiş bir sıra tədbirlər həyata keçirildi. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətə davamlı bir ölkə oldu, borc alan ölkədən borc verən ölkəyə çevrildi. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti yaxşılaşdı. Ölkədə müasir texnologiyalar tətbiq edildi. Güclü hərbi-sənaye kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah satış sərgi-yarmarkalarının iştirakçısı oldu. Ordu dünyanın qabaqcıl ordularının cərgəsində yer aldı. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi. Etnik və dini tolerantlığın hakim olduğu Azərbaycan model bir ölkə halına gəldi. Prezident İlham Əliyevin planetar təfəkkürü və yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan Respublikasının BMT Təhlükəszilik Şurasına üzv seçilməsi ilə millətin və dövlətin tarixində qürurverici bir ilk yaşandı. Dövlət başçısının Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, dünya problemlərini gündəliyə gətirərək mümkün həlli yollarını göstərməsi diplomatiya tarixinin parlaq səhifələrindən biri idi. Azərbaycan enerji, nəqliyyat və informasiya təhlükəsizliyini təmin etdi. Kosmos klubunun üzvü olmaqla millətin tarixində yeni bir ilk yaradıldı. Məqsədə çatmaqdan ötrü “yumşaq güc”ün imkanlarından istifadə edildi. Musiqi yarışması olsa da Avrovijnin tarixində ilk dəfə olaraq Azərbaycanda mükəmməl bir şəkildə keçirilməsi ilə ölkənin xəritədə axtarılmasına son qoyulması əhəmiyyətli hadisələrdən biri idi. Birinci Avropa oyunları, İslam Həmrəyliyi Oyunları keçirildi. 2016-cı ilin aprelində aparılan uğurlu hərbi əməliyyat nəticəsində işğal altındakı ərazilərin bir hissəsi düşməndən azad edildi. TAP və TANAP-ın həyata keçirilməsi dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmiryolu işə salındı. Bütün bu və digər amillər Azərbaycanı başlıca vəzifələri yerinə yetirməyə yaxınlaşdırdı. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində düşmənin məğlub edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində separatçıların diz çökməsi, separatçılığın kökünün kəsilməsi, dövlət bayrağımızın bütün ölkə ərazisində dalğalanması və qanunlarımızın işləməsi, dövlət suverenliyimizin tam bərqərar edilməsi ilə Heydər Əliyevin arzuları və vəsiyyəti həyata keçirildi.

Qələbədən ötən qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə heç bir xarici yardım olmadan başladı. Yeni hava limanları, ağıllı kəndlər tikildi, məcburi köçkünlər dədə-baba torpaqlarına planlı şəkildə köçürülməyə başladılar. İşlər indi də davam etdirilir. Prezident İlham Əliyev dünyaya bir örnək verir.

İbrət dərsləri

32 ilin zirvəsindən baxıldıqda 15 iyun tarixindən ibrət alınası bir çox məsələlər vardır. Birincisi, demokratiyanı bərqərar etmək üçün ilk növbədə, dövlət olmalıdır. Zəif dövlət hakimiyyəti və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq, insanın ali hüququ olan yaşamaq hüququnu təmin etmək mümkün deyildir. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir.

İkincisi, xalq dövləti idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Hakimiyyətə küçədən gəlmək cəhdlərinə yol verməməlidir.

Üçüncüsü, Dövlət Milləti olan Azərbaycan xalqının inkişafının və qarşısına qoyduğu məqsədlərə çatmasının, tərəqqinin, rifahının və demokratiyanın təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır.

Dördüncüsü, hakimiyyət ilə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır.

Beşincisi, fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirməməli, küçələrdə, meydanlarda zor gücünə həll edilməməli, problemlər masa arxasında çözülməli, ideyaların hansının daha real və çox fayda verəcəyi əsas götürülməlidir.

Altıncısı, Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövləti güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik, dövlət milliyyətçiliyi irsinə müraciət edəcəklər. Beləliklə, əbədiyyən Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin güclü milli dövlətçiliyə dair ideya-nəzəri irsi də yaşayacaqdır.

Nəhayət, xaos, anarxiya milləti olmayan Azərbaycanın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır. Ötən illərin təcrübəsi göstərir ki, sabitlik, güclü dövlət hakimiyyəti və qüdrətli dövlət rəhbəri olanda Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatıb. Bunu Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə bir daha sübut etdi. Azərbaycan xalqını qalib, başını uca edən bu Yol daim davam etdirilməlidir…”.

Ayşən Vəli