Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinq keçirilib
Bu gün Çin səfirliyində ilk dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinq keçirilib. SİA xəbər verir ki, brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış edib.
O bildirib ki, ÇXR-in Sədri Si Cinpin 2023-cü ildə Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb və bununla da ümumbəşəri dəyərləri təşviq etməyə, sivilizasiya irsinin qorunmasına, onun innovativ inkişafına, humanitar mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırıb: “Bu, Çinin sivilizasiyalararası dialoqun genişləndirilməsi işinə mühüm töhfəsidir. Sivilizasiyalararası dialoq təşəbbüsü müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş prosesdir. Bu, insanların mədəniyyətlər arasındakı fərqləri tanımasına və onlara hörmət etməsinə imkan yaratmaq, bununla da planetdə sülhü və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsüdür.
Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə dəstək ifadə edən sənədi imzalayıb. Sivilizasiyalararası dialoq müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın təşviqinə yönəlib.
Bu ilin aprelində Sədr Si Cinpin və Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzaladılar. Bu sənəddə açıq şəkildə bildirilir ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal Sivilizasiya Təşəbbüsünü fəal surətdə dəstəkləyir. Azərbaycan Çinin BMT-də irəli sürdüyü “Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə dəstəkləməyə, insanlar arasında mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin, öz növbəsində, Azərbaycanın “Bakı Prosesi” adlı təşəbbüsünü və mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi onun çərçivəsində çağırdığı qlobal forumlarla bağlı səylərini dəstəkləyir. Bu, iki ölkənin qlobal sivilizasiyalar mübadiləsinin gücləndirilməsinə yönəlmiş bir-birinin təşəbbüslərini qarşılıqlı surətdə dəstəklədiyini, Qlobal Sivilizasiya Təşəbbüsünü birgə həyata keçirdiyini tam şəkildə nümayiş etdirir. Onların birgə fəaliyyətində sivilizasiyalararası mübadilə bütün maneələri dəf edir, qarşılıqlı zənginləşmə münaqişələrə, birgəyaşayış isə hər hansı üstünlüyə qalib gəlir.
Çin Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün bayram edilməsi fürsətindən istifadə edərək, iki ölkənin xalqlarının ünsiyyət vasitəsilə bir-birini daha yaxşı anlaması, onlar arasında dostluğun dərinləşdirilməsi və əlaqələrin möhkəmləndirilməsində yeni birgə səhifəsinin yazılması istiqamətində Azərbaycanla birlikdə humanitar əməkdaşlığı genişləndirməyə hazırdır.
Diplomat qeyd edib ki, bu il aprelin 22-dən 24-dək Prezident İlham Əliyev Çinə dövlət səfərini uğurla həyata keçirib: “Səfər zamanı Sədr Si Cinpin və Prezident İlham Əliyev hərtərəfli strateji tərəfdaşlığın qurulmasını birgə bəyan etdilər və bir çox sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə etdilər. Bununla da Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açıldı. Bu yaxınlarda mən Azərbaycanın yüksəkvəzifəli şəxsləri, eləcə də Çindən gələn rəsmi nümayəndə heyətləri, region və müəssisələrin nümayəndələri ilə də bir sıra görüşlər keçirmişəm. Biz iki ölkə arasında əlaqələrin inkişafını ətraflı müzakirə etdik. Əsas təəssüratım ondan ibarətdir ki, dövlət başçılarının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin yüksəkkeyfiyyətli inkişafı üçün ən mühüm üstünlük və etibarlı təminatdır. Hazırda hər iki ölkənin müxtəlif qurumları və regionları iki lider arasında imzalanmış sazişləri fəal şəkildə həyata keçirir və bu, bütün sahələrdə əməkdaşlıqda yeni irəliləyişlərə səbəb olub.
İkitərəfli praqmatik əməkdaşlıq fəal şəkildə dərinləşməkdə davam edir. Azərbaycan tərəfinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ikitərəfli ticarətin həcmi yüksək dinamika tendensiyasını saxlamaqla 1,4 milyard dollara çatıb ki, bu da təxminən 37 faiz artıma uyğundur.
Pekin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı və idxalda 2-ci ölkə mövqeyini möhkəm saxlayır. ÇXR tərəfi də Çinin elektron ticarət platformaları vasitəsilə Azərbaycan məhsullarının satışının genişləndirilməsini alqışlayır.
Belə ki, iki ölkənin müvafiq qurumları yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələrdə yüksəkkeyfiyyətli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni praktiki addımları fəal şəkildə araşdırır”.
Çin ilə Azərbaycan arasında bütün səviyyələrdə qarşılıqlı əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edən səfir vurğulayıb: “Prezidentin köməkçisi Anar Ələkbərov, həmçinin elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər Çinə səfərlər ediblər. Çinin Quandun və Tszyansu əyalətləri kimi iqtisadi cəhətdən inkişaf etmiş regionlarının nümayəndələri yerli layihələr və imkanlarla tanış olmaq üçün Azərbaycana gəliblər. İki ölkənin hakim partiyaları arasında da qarşılıqlı əlaqələr daim dərinləşir; bu həftəsonu mən Çin Kommunist Partiyasının nümayəndəsi kimi YAP-ın təşkil etdiyi beynəlxalq partiyalararası konfransda iştirak etmək üçün Şuşaya gedəcəyəm.
Bu ilin yanvarından aprelinədək Azərbaycana səyahət edən çinli turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb. Ümumvətəndaş pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin qüvvəyə minməsinin bu axını daha da artıracağı gözlənilir. Artıq tərəflər onun ratifikasiyası və həyata keçirilməsi üçün lazımi addımlar atır. Səfirliyimiz prosedurun gedişi barədə sizə vaxtında məlumat verəcəkdir”.
Çin və Azərbaycan arasında ikitərəfli humanitar əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayan diplomat deyib: “İki ölkənin mədəniyyət müəssisələri, beyin mərkəzləri, universitetləri və media orqanları arasında fəal əlaqələr davam etdirilir. Bu yaxınlarda Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Pekin Xarici Dillər Universitetində olub və Azərbaycan dilini öyrənən müəllim və tələbələr ilə görüşüb. İyunun sonunda Azərbaycanın Medianın İnkişafı Agentliyinin rəhbərləri və bir sıra aparıcı media nümayəndələrinin Çinə səfəri planlaşdırılır.
Dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında kompas və qütb ulduzudur. Pekin Bakı ilə birlikdə iki liderin əldə etdiyi mühüm razılaşmaları birgə həyata keçirməyə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə kömək etməyə və ikitərəfli münasibətlərin məzmununu daim zənginləşdirməyə hazırdır”, – deyə Lu Mey sözlərini yekunlaşdırıb.
“Bu il iyunun 10-da biz ilk dəfə BMT tərəfindən təsis edilmiş Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününü qeyd edirik. Mən bu əlamətdar günü dünyanın hər yerindən gələn dostlarımla qeyd etməkdən məmnunam”. Bu fikirlər Çinin Azərbaycandakı səfirliyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün birinci dəfə qeyd edilməsinə həsr olunmuş tematik tədbirdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van Yinin videomüraciətində yer alıb.
Çinli nazir qeyd edib: “Müasir dünyada 200-dən çox ölkə və region, 2500-dən çox millət var. İstehsalat və həyat prosesində xalqlar canlı və bənzərsiz sivilizasiyalar yaradıblar. Onlar paralel olaraq inkişaf edərək bir-birini bəzəyərək “qlobal kəndimizi” rəngarəng, dinamik və canlılıqla dolu, bütün bəşəriyyəti isə yüz il ərzində gözlənilməz dəyişikliklərin ayrılmaz birliyinə çevirir. Sivilizasiyanın dəyəri həmişəkindən daha aktualdır, onların qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət kəsb edir və onlar arasında dialoq vaxtı çatmış və zəruridir.
Ötən il bütün üzv dövlətlərin yekdil dəstəyi ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında Çin və digər ölkələr də daxil olmaqla, 83 ölkənin təklif etdiyi və hər il iyunun 10-da qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün təsis edilməsi barədə qətnamə qəbul edilib”.
Çinli nazir vurğulayıb ki, sivilizasiyalararası dialoq sülh körpüsüdür. O əlavə edib: “İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi və Birləşmiş Millətlər Təşkilatının yaradılması ilində sülh bütün xalqların ümdə arzusu olaraq qalır. Sivilizasiyalararası dialoq fərqləri aradan qaldırmağa, qərəzləri yox etməyə, etimadı gücləndirməyə və ümumi təhlükəsizliyi təmin etməyə kömək edir. Sivilizasiyalararası dialoq inkişafın mühərrikidir. Qədim dövrlərdə Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolu bəşər cəmiyyətinin tərəqqisinə töhfə verib. Bu gün qloballaşma dövründə sivilizasiyalararası dialoq, ideya və texnologiyalar mübadiləsi ölkələrin ümumi inkişafına və dünyanın müasirləşməsi istiqamətində birgə tərəqqiyə təkan verir.
Sivilizasiyalararası dialoq dostluq körpüsüdür. Tarix aydın şəkildə göstərir: açıqlıq qarşılıqlı anlaşmaya kömək edir, mübadilə isə etimadı dərinləşdirir. Sivilizasiyalararası dialoq fərqlilikləri aradan qaldırmağa, ümumi dil tapmağa və xalqları bir-birinə yaxınlaşdırmağa kömək edir, harmonik birgə yaşayışı təşviq edir”.
Van Yi müraciətinin sonunda qeyd edib ki, Çin sivilizasiyası Çin torpağında təşəkkül tapıb və minilliklər boyu varisliyin, innovativliyin, birliyin, inklüzivliyin və sülhsevərliyin aydın şəkildə ifadə olunmuş cəhətlərini formalaşdırıb. “2023-cü ildə Çinin Sədri Si Cinpin Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürərək ümumbəşəri dəyərlərin təşviqinə, sivilizasiya irsinin qorunmasına və yenilənməsinə, insanlar arasında mədəni mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Bu, Çinin sivilizasiyalararası dialoqun təşviqinə verdiyi mühüm töhfədir. Tarixi yolayrıcında dayanan Çin aşağıdakı üç fəaliyyət istiqamətini təklif edir: Birincisi, sivilizasiyaların bərabərliyini müdafiə edək. Sivilizasiyalar yuxarı və aşağıya, yaxşı və pisə bölünmür. Biz xalqların öz inkişaf yolunu və sosial sistemini seçmək hüququna hörmətlə yanaşmalı, “sivilizasiyaların toqquşması” nəzəriyyəsini rədd etməli, daxili işlərə qarışmağa, birtərəflilik və güc siyasətinə qarşı çıxmalı, ədalətin və bərabərliyin tərəfində olmalı, hamı üçün bərabər ləyaqəti təmin etməliyik. Biz əsl çoxtərəfliliyə riayət etməli, sivilizasiyalararası dialoqun təşviqində BMT-nin mərkəzi rolunu dəstəkləməli, qarşıdurmanı əməkdaşlıqla və sıfır məbləğli oyunları qarşılıqlı faydalı birgə fəaliyyətlə əvəz etməli və müxtəlif sivilizasiyalar arasında dinc yanaşı yaşamanın tərəfdarı olmalıyıq.
İkincisi, gəlin sivilizasiya mübadiləsini tətbiq edək. Beynəlxalq ictimaiyyət mübadilə və qarşılıqlı öyrənməni daha fəal şəkildə təşviq etməlidir. Sivilizasiyalararası dialoq vasitəsilə biz qlobal problemləri həll etmək və modernləşməyə gedən yolu genişləndirmək üçün müdriklik əldə edə bilərik. Çin 2028-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etməyi nəzərdən keçirməyə və sivilizasiyalararası dialoqla məşğul olan BMT orqanlarına töhfələr verməyə hazırdır. Qlobal dialoq üçün daha effektiv mexanizmlərin qurulması üçün Qədim Sivilizasiyalar Forumu kimi platformaların işini dəstəkləməyə davam edəcəyik.
Üçüncüsü, sivilizasiyaların tərəqqisinin təbliğatçıları olmalıyıq. Beynəlxalq ictimaiyyət ideyaların, texnologiyanın və insanların sərbəst axınını təşviq etməli və insan icmalarının üfüqlərini daim genişləndirməlidir. Biz çalışmalıyıq ki, texnologiya, o cümlədən süni intellekt ümumi mənafeyə xidmət etsin, sivilizasiya irsinin ötürülməsinə və yenilənməsinə təkan versin, bəşəriyyətin ümumi maddi və mənəvi irsini zənginləşdirsin və ortaq taleyi olan inklüziv cəmiyyətin qurulmasına töhfə olsun. Bəşəriyyətin yalnız bir dünya və bir ümumi gələcəyi var. Gəlin birlikdə dialoq yelkənini açaq, qaynaşma simfoniyasını ifa edək və daha gözəl bəşəri sivilizasiya quraq”.