“Biz fərdi psixoloji xüsusiyyətləri nəzərə almalıyıq”
“Depressiya insanın yalnız emosional dünyasını deyil, həm də bədən funksiyalarını və davranışlarını ciddi şəkildə təsir edən psixoloji pozuntudur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
O bildirib ki, onun simptomları arasında iştah dəyişiklikləri olduqca geniş yayılmışdır: “Lakin bu dəyişikliklər hər kəsdə eyni cür təzahür etmir. Bəzi insanlar depressiya zamanı həddindən artıq yeməyə meyl göstərir (emosional aclıq), digərləri isə tam əksinə iştahlarını tamamilə itirirlər. Bu fərqli reaksiyalar bir neçə psixoloji və bioloji amillərlə izah olunur. Beyindəki kimyəvi dəyişikliklər bu prosesdə mühüm rol oynayır. Depressiyada serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlərin səviyyəsi dəyişir. Bu maddələr həm emosiyaların, həm də iştahanın tənzimlənməsində rol oynayır. Serotonin səviyyəsinin azalması bəzi insanlarda aclıq hissini artıraraq yüksək şəkərli və karbohidratlı qidalara yönəlməyə səbəb olur. Digərlərində isə bu azalma ümumi maraqsızlıq və zövq almama (anhedoniya) ilə müşayiət olunaraq iştahın tamamilə itməsi ilə nəticələnə bilər.
Qeyd edim ki, bəzi insanlar üçün yemək emosional tənzimləmə mexanizmidir, yəni narahatlıq, kədər və ya boşluq hisslərini yemək vasitəsilə “yatızdırmağa” çalışırlar. Bu, “emosional yemə” adlanır. Digər şəxslər isə depressiv vəziyyətdə ümumiyyətlə enerji və maraq itirdiklərinə görə yeməyə qarşı istək duymurlar”.
“Burada biz fərdi psixoloji xüsusiyyətləri də nəzərə almalıyıq. Şəxsin xarakter tipi, stresslə mübarizə üsulu və uşaqlıqda formalaşmış yemək davranış modelləri bu prosesə təsir edir. Məsələn, uşaqlıqda yemək mükafat və ya təsəlli vasitəsi kimi istifadə olunubsa, həmin şəxs böyüyəndə də depressiv epizod zamanı daha çox yeməyə meyl edə bilər. Depressiyanın növü də bu prosesdə mühüm rol oynayır. Məsələn, atipik depressiyada iştah artımı, kiloartımı tez-tez müşahidə olunur. Amma klassik major depressiyada isə əksinə, iştah azalması və kilo itkisi daha yaygındır.
Ona görə də depressiyada yemək davranışları hər bir insanda fərqli formada üzə çıxır və bu fərqlilik həm bioloji, həm də psixososial səbəblərlə bağlıdır. Hər iki hal – istər çox yemək, istərsə də heç yeməmək depressiyanın əlaməti ola bilər və psixoloji dəstəyə ehtiyacın göstəricisidir” – deyə o, əlavə edib.