Sosial

“Ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir”


“Son bir əsr yarımdır ki, Azərbaycanda sosial bərabərlik məsələsi ilə bağlı ya rəsmi səviyyədə, ya da ümumilikdə ictimai müstəvidə müxtəlif cəhdlər və mübarizələr aparılır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, xüsusilə XX əsrin əvvəllərində dəfələrlə həm düşüncədə, həm də ictimai həyatda təzahür edən üsyanlar, çevrilişlər və inqilabların başlıca səbəbi məhz sosial bərabərlik uğrunda aparılan mübarizə idi: “Əslində, bu proseslərin kökü daha qədim dövrlərə – XVII əsrdən etibarən Avropada baş qaldıran maarifçilik hərəkatına, yəni ikinci renessans adlandırıla biləcək bir mərhələyə dayanır. Bu dövrdə azadlıq, qardaşlıq, sosial bərabərlik kimi prinsiplər ön plana çəkildi və müxtəlif ictimai-siyasi hərəkatların əsas ideoloji dayağına çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründən tutmuş Sovet Azərbaycanına, oradan da 1990-cı illərdə baş verən azadlıq hərəkatına qədər xalqın əsas tələbi sosial bərabərlik və ümumi hüquqların bərabərliyinə əsaslanırdı. Hətta bəzən yalnız bir neçə ağacın kəsilməsinə etiraz olaraq minlərlə insan meydanlara toplaşır, azadlıq və hüquq tələb edirdi. Sosial bərabərlik təkcə Konstitusiyada qeyd olunan maddələrdən biri deyil, eyni zamanda xalq hakimiyyətinin əsas dayağı kimi çıxış edir. Cəmiyyətin bütün üzvlərini birləşdirən və həmrəylik ruhunu gücləndirən universal prinsip də məhz budur. Azərbaycan cəmiyyətində bu prinsiplərin tətbiqi üçün müəyyən zəminlər yaradılıb. Uşaqlıqdan ali təhsil pilləsinə qədər hər kəsə eyni imkanlar təqdim olunur. İnsanlar bağçadan başlayaraq məktəb, universitet, magistratura, doktorantura və hətta xarici təhsil proqramlarında iştirak edə bilirlər. Əsas odur ki, insan təhsildə, tərbiyədə və ictimai həyatda uğur qazansın.

Sosial bərabərlik həm də tibbi xidmətlər, elmi və mədəni fəaliyyətlər, sosial təminat və pensiya sistemləri vasitəsilə həyata keçirilir. Dövlət aztəminatlı ailələrə yardımlar ayırır, bayramlarda maddi dəstək göstərir və müxtəlif fondlar vasitəsilə onların mənzil və iş problemlərini həll etməyə çalışır. Bütün bunlarla yanaşı, sosial bərabərliyin qarşısında duran iki əsas problem var:

1. Hakimiyyətin formalaşmasında geniş ictimai iştirakın olmaması.

2. Əhalinin məşğulluqla təmin olunmasında çatışmazlıqlar.

Eyni zamanda ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir. Kiçik və orta biznesin inkişafı üçün fondlar, subsidiyalar və layihələr mövcuddur, lakin bu imkanlar yalnız məhdud sayda insanlara çatır. Məşğulluqla bağlı hökumət və beynəlxalq qurumlar arasında əməkdaşlıqlar mövcuddur. Məsələn, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində insanlara heyvan, kənd təsərrüfatı alətləri və ya kiçik biznes qurmaq üçün avadanlıqlar verilir. Təəssüf ki, bəzi insanlar bu imkanlardan sui-istifadə edir və sonradan sosial bərabərliyin pozulduğundan şikayətlənirlər”.

“Digər tərəfdən, sosial bərabərlik rəqəmsal bərabərlik məsələsini də əhatə edir. İnternetə çıxış, rəqəmsal xidmətlər (ASAN, DOST və s.), elektron hökumət portalları bu istiqamətdə mühüm addımlardır. Lakin bu sistemlərin effektivliyi və əlçatanlığı daha da artırılmalıdır.

Nəticə etibarilə, sosial bərabərlik təhsil, səhiyyə, məşğulluq, mədəniyyət, informasiya texnologiyaları və hüquqi bərabərlik sahələrində universal və davamlı şəkildə təmin olunmalıdır. Bu isə yalnız dövlətin deyil, bütün cəmiyyətin birgə səyləri ilə mümkündür” – deyə o, əlavə edib.