Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
VK Rəyasət Heyətinin sədri Anar Bağırov bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin, sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyniməzmunlu suallar təqdim edilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu diqqətə çatdıran sədr icbari təlimdə Azərbaycan Vəkillər Kollegiyasından 85, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 3 vəkilliyə namizədin iştirak etdiyini vurğulayıb.
Qeyd edilib ki, vəkilliyə namizədlərdən 29-u qadın, 56-sı isə kişidir, o cümlədən onlardan 79 faizi 40 yaşadəkdir. Namizədlərin 61 faizi Bakı, 39 faizi isə regionlardandır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının artmasına şərait yaradır. Həmin şəxslərin bəziləri tədrisdə onlayn qaydada iştirak edir.
A.Bağırov son illərdə Kollegiyada mühüm islahatların həyata keçirildiyini, vəkil sayının artırıldığını, institutun cavanlaşdırıldığını və tədris proqramlarının daha məqsədyönlü, effektiv hala gətirildiyini xüsusi vurğulayıb.