“Bu, uzun müddətli psixoloji travmalar yarada bilər”
“30 ilə yaxın müddətdə torpaqlarımızın təxminən 20%-i düşmən tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində bir milyona yaxın məcburi köçkünümüz öz doğma torpaqlarından aralı düşmüşlər.İşğalın ilk illərində bu köçkünlər respublikamızın müxtəlif bölgələrində ağır və çətin şəraitdə yaşamış, uzun müddət çadırlarda məskunlaşmaq məcburiyyətində qalmışlar. Bu cür şəraitdə insanlar ciddi psixoloji travmalara məruz qalmışdır. Həm yaxınlarını itirmək, həm də doğma yurdundan, ev-eşiyindən didərgin düşmək böyük bir psixoloji zərbədir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, Azərbaycanın ərazisi nisbətən kiçik olsa da, ölkəmizdə müxtəlif xalqlar əsrlər boyu qarşılıqlı hörmət və sevgi ilə yaşamışdır: “Bu xalqlar arasında dərin ortaq mental və mədəni dəyərlər formalaşıb. Buna görə də, məcburi köçkünlərin ilkin dövrlərdə vəziyyəti ağır olsa da, onların məskunlaşdığı ərazilərdə yerli sakinlərlə əlaqə qurması və inteqrasiyası çox uzun sürməmişdir. Azərbaycan xalqı sahib çıxmağı və qonaqpərvərliyi ilə seçilən bir millətdir.
Dövlətimiz sonrakı mərhələlərdə köçkünlərin sosial problemlərinin həlli üçün Bakıda və digər bölgələrdə yaşayış binaları tikmiş və mərhələli şəkildə onları bu mənzillərə yerləşdirmişdir. Hətta çox vaxt iki evi olan insanlarımız bir evini könüllü olaraq məcburi köçkünlərə verilmişdir ki, bu da həmrəylik və birlik ruhunun təzahürüdür.
Şükürlər olsun ki, artıq torpaqlarımız işğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Azad edilmiş torpaqlarda sürətlə bərpa işləri aparılır. Məcburi köçkünlərin bir hissəsi artıq doğma torpaqlarına qayıdaraq burada məskunlaşıblar və müxtəlif işlərlə təmin olunurlar. Dövlət tərəfindən iş adamaları üçün ciddi imtiyazlar yaradılmışdır. Bu isə doğma torpaqlarına qayıdan yaşlı sakinlərin inteqrasiya problemlərinin olmamasını təmin edir, çünki insanlar öz böyüyüb boya başa çatdıqları yerlərə dönürlər. Gənclər üçün isə bu torpaqlar ölkəmizin ən gözəl guşələrində həyatlarını davam etdirmək üçün yeni imkanlar və iş fürsətləri deməkdir. Yeni həyatın başlanğıcıdır.
Məcburi köçkünlərin psixoloji dəstəyinə gəlincəysə, məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqdan sonra sosial inteqrasiya prosesində psixoloji yardıma ehtiyacı mütləq vardır. Bunun bir neçə səbəbi var.Uzun müddət işğal altında və məcburi köçkün həyatı keçirmək İnsanlar çox zaman itkilər, stres, və qeyri-müəyyənliklərlə üzləşiblər. Bu, uzun müddətli psixoloji travmalar yarada bilər”.
“Ailə üzvlərini və yaxınlarını itirmək Hərbi münaqişələr və zorla köçürülmə zamanı bir çox insan yaxınlarını itirir, bu isə dərin emosional sarsıntılara səbəb olur. Yaşadıqları məkan dəyişdiyi üçün adaptasiya çətinlikləri Yenidən doğma yurdlarına qayıdanda həyat şəraitləri dəyişir, bərpa işləri aparılır, əvvəlki ev-eşik hələ tam bərpa olunmaya bilər. Bu da gərginlik və narahatlıq yarada bilər. Yaddaşda olan travmalar Psixoloji travmalar təkcə hazırkı vəziyyətdən deyil, keçmişdə yaşanmış hadisələrdən də qaynaqlanır. Bu, bəzən uzun müddət ərzində insanlarda müxtəlif narahatlıqlar və qorxular yaradır. Doğma yerlərinə qayıdan məcburi köçkünlər bəzən sosial çevrələrdən bir qədər uzaqlaşmış olurlar, buna görə sosial dəstək və psixoloji yardıma ehtiyac duyurlar.
Bu səbəbdən məcburi köçkünlərin psixoloji dəstəklə təmin olunması onların sağlamlığı və sosial adaptasiyası üçün çox vacibdir. Dövlət, qeyri-hökumət təşkilatları və yerli icmalar tərəfindən bu istiqamətdə xüsusi proqramlar həyata keçirilməlidir.Düşünürəm ki, psixoloji yardım məcburi köçkünlərin yeni həyatlarına daha rahat və sağlam şəkildə uyğunlaşmasına kömək edir” – deyə o, əlavə edib.