İqtisadiyyat

“Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur”


“Azərbaycan ilə Çin Xalq Respublikası arasında viza rejiminin sadələşdirilməsi və ya aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır. Məlumdur ki, Çin təxminən 1,5 milyard nəfərə yaxın əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir və Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur. Onlar həm fərdi şəkildə, həm də turist qrupları şəklində xarici ölkələrə səyahət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan isə özünün zəngin tarixi, mədəni irsi və təbii resursları ilə turizm sahəsində böyük potensiala malikdir: “Turizm sektoru ölkəmizdə iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir və bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı şəkildə kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası beynəlxalq turizm sərgilərində fəal iştirak edərək, ölkənin turizm potensialının tanıdılması və təbliği istiqamətində sistemli fəaliyyət göstərir. Bu məqsədlə, sərgilərdə Azərbaycan stendləri qurulur və ölkənin turizm resursları, məhsulları və xidmətləri geniş auditoriyaya təqdim olunur. Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu bu təşviqat fəaliyyətlərini peşəkar şəkildə təşkil edir və əlaqədar tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”.

Sədr həmçinin bildirib ki, Beynəlxalq sərgilər və “road show” formatlı təqdimatlar çərçivəsində yerli turizm cəmiyyətinin – turizm şirkətlərinin, otellərin və digər xidmət təminatçılarının iştirakı təmin olunur: “Bu platformalar vasitəsilə onlar öz turizm məhsullarını və xidmətlərini xarici tərəfdaşlara və potensial turistlərə təqdim etmək imkanı əldə edirlər. Xüsusilə Çin Xalq Respublikasında keçirilən turizm sərgilərində Azərbaycan nümayəndə heyəti ardıcıl olaraq fəal iştirak edir və bu bazarda ölkənin tanıdılması istiqamətində məqsədyönlü addımlar atılır”.