Dünya

Los-Ancelesdə komendant saatı tətbiq edilə bilər


“Davam edən etirazlar səbəbindən şəhərin mərkəzində komendant saatı tətbiq oluna bilər”. SİA “Associated Press”ə istinadla xəbər verir ki, bunu Los-Anceles meri Karen Bass deyib. “Biz komendant saatı ehtimalına baxırıq, zorakılıq davam edərsə, daha ciddi tədbirlər görmək imkanlarını nəzərdən keçiririk”, – Bass deyib. İyun ayının əvvəlində ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qanunsuz miqrantların müəyyən edilməsi məqsədilə keçirilən basqın etirazçılarla toqquşmalara çevrilib. Ağ Evin nümayəndələri şəhərdəki etirazları “qanuna qarşı üsyan” hesab ediblər. Bundan sonra Kaliforniya Milli Qvardiyası Los-Ancelesə gəlib. Şəhər mərkəzində federal binanın kənarında təxminən on iki Milli Qvardiya görülüb. Burada immiqrasiya basqınları zamanı saxlanılanlar olub. Etirazlar iyunun 6-da başlayıb və bu günə qədər davam edir. Hər gün etirazlar daha da aqressivləşir. ABŞ prezidenti Donald Tramp, Kaliforniya qubernatoru Qavin Nevsomun çağırışlarına baxmayaraq, etirazçıları dağıtmaq üçün şəhərə iki min Milli Qvardiya əsgəri göndərmək qərarına gəlib. İğtişaşlar qəsəbələrdən şəhər mərkəzinə yayılıb.