Sosial

“Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər”


“Bakıda bəzi yollar var ki, bu yollar sürücüləri istər-istəməz cərimələrlə üz-üzə qoyur. Bu halların yaşanmasının əsas səbəbləri arasında yol nişanlarının kifayət qədər aydın və vaxtında yerləşdirilməməsi, bəzi küçələrdə hərəkət istiqamətinin tez-tez və xəbərdarlıq edilmədən dəyişdirilməsi, sürücülərin yeni qaydalardan yetərincə məlumatlı olmaması və bəzi hallarda kameraların olduqca strateji, lakin mübahisəli mövqelərdə yerləşdirilməsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bir çox sürücü, xüsusilə şəhərdə yeni hərəkət edənlər və ya əraziyə bələd olmayanlar, bilmədən qaydanı pozur və cərimələnirlər. Bu problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər: “İlk növbədə, yol infrastrukturu ilə məşğul olan qurumlar, xüsusilə tez-tez cərimə yazılan yolları təhlil etməli və bu ərazilərdə yol nişanlarının yerləşdirilməsini yenidən gözdən keçirməlidirlər. Əgər hansısa yolun girişində dayanma və ya hərəkət qadağandırsa, bu barədə sürücülərə əvvəlcədən və aydın şəkildə xəbər verilməlidir. Nişanlar görünməyən və ya qarışıq yerlərdə yox, diqqətçəkən və sürücülərin vaxtında reaksiya verə biləcəyi mövqelərdə olmalıdır. Eyni zamanda, texniki nəzarət kameralarının yerləşdirilməsi də şəffaf şəkildə aparılmalıdır. Məqsəd cərimə yazmaq yox, qayda pozuntularının qarşısını almaq olmalıdır. Əgər müəyyən kamera hər gün yüzlərlə sürücünü eyni qaydada cərimələyirsə, bu artıq həmin ərazidə qaydaların aydın olmamasından və ya nişanların düzgün qurulmamasından xəbər verir. Belə hallarda təhlil aparılmalı və dəyişikliklər edilməlidir.

Digər tərəfdən, sürücülərin maarifləndirilməsi də olduqca vacibdir. Yeni yol hərəkəti qaydaları ilə bağlı məlumatlar dövri olaraq KİV-lərdə, sosial şəbəkələrdə, eləcə də naviqasiya proqramlarında paylaşılmalıdır. Sürücülər də məsuliyyətli davranmalı, hərəkət etdikləri marşrut üzrə nişanlara və yeni qaydalara diqqətlə yanaşmalıdırlar. Nəticə olaraq, Bakıda bəzi yolların sürücülər üçün cərimə tələsinə çevrilməsi nə yol polisinin məqsədi olmalı, nə də sürücülərin daimi problemi halına gəlməlidir. Bu problemin həlli həm dövlət orqanlarının düzgün planlaşdırma və nəzarəti, həm də vətəndaşların qaydalara riayət etməsi ilə mümkündür. Beləliklə, həm yol hərəkəti təhlükəsizliyi təmin olunar, həm də sürücülər haqsız cərimələrdən qorunmuş olarlar”.