Sosial

“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Unudulmaqda olan adət-ənənələr” adlı layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin məqsədi Azərbaycan xalqına məxsus qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulmağa başlayan mədəni irsimizin qorunması və yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir. Müasir dövrdə, xüsusilə qloballaşma prossesi fonunda, bir çox qədim adət-ənənələrimiz unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənc nəsillər bu dəyərlərdən uzaqlaşdıqca, milli kimlik zəifləyə bilər. Tədbirlər 2025-ci il ərzində Sumqayıt, Xaçmaz, Laçın və Xankəndi şəhərlərində keçiriləcək. Hər bir regionda təşkil olunacaq tədbirlərdə iştirakçılar Azərbaycan xalqına məxsus toy, nişan, yas, xalq oyunları, musiqi və geyim mədəniyyəti ilə bağlı zəngin bilgilərlə tanış olacaqlar. Eyni zamanda, xalq ustalarının iştirakı ilə interaktiv təqdimatlar və ustad dərsləri təşkil olunacaq. Layihənin təşəbbüskarları hesab edirlər ki, bu kimi tədbirlər mədəni yaddaşın qorunması, gənclər arasında milli kimliyin möhkəmləndirilməsi və ictimai həmrəyliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.