İqtisadiyyat

“Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfə yüksəlib”


“Azərbaycan və Özbəkistan arasında imzalanmış ikitərəfli və çoxtərəfli sənədlər hüquqi bazanın formalaşmasına xidmət etməklə yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 41% artması, cari ilin birinci rübündə isə bu göstəricinin üç dəfəyə qədər yüksəlməsi, iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlardan istifadə olunmasının mühüm göstəricisi kimi qiymətləndirilə bilər: “Eyni zamanda Azərbaycan Özbəkistana Orta Dəhlizdən (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istifadə etmək imkanı təqdim etmişdir. Bu kontekstdə, 2024-cü ildə iki ölkə arasında tranzit daşımaların 18% artması Orta Dəhlizin yaratdığı əlavə nəqliyyat-logistika potensialının reallaşması baxımından əhəmiyyətli nəticə kimi çıxış edir.

Ümumilikdə Azərbaycan öz ərazisində formalaşdırdığı beynəlxalq nəqliyyat-logistika infrastrukturunu bütün dost və tərəfdaş ölkələr üçün açıq elan etmişdir. Bu isə Özbəkistana Azərbaycanın ərazisi vasitəsilə Avropa istiqamətində daha geniş coğrafiyada və daha səmərəli əməkdaşlıq imkanları yaradır. Nəticə etibarilə, Orta Dəhlizin regional və qlobal əhəmiyyəti, o cümlədən onun iqtisadi və geostrateji rolu dinamik şəkildə artmaqda davam edir”- deyə deputat əlavə edib.