“Azərbaycanın 5000 illik dövlətçilik tarixi fasiləsiz şəkildə davam edib”
“Azərbaycanın 5000 illik dövlətçilik tarixi var və bu tarix, demək olar ki, fasiləsiz şəkildə davam edib. Müxtəlif dövrlərdə dövlətçiliyimiz ağır sınaqlara məruz qalıb — xarici işğallar, müstəqilliyin itirilməsi və yenidən bərpası ilə müşayiət olunub. Xüsusilə XIX əsrin əvvəllərində başlayan Rusiya imperiyasının Cənubi Qafqaza ekspansiyası Azərbaycanın da dövlətçiliyinə böyük təzyiqlər göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranaraq müstəqilliyini elan etdi: “Lakin bu da uzun çəkmədi və ölkə yenidən bolşevik Rusiyasının işğalına məruz qalaraq SSRİ-nin tərkibinə daxil edildi. Bu vəziyyət yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra sona çatdı və Azərbaycan yenidən müstəqil oldu.
Ancaq 1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca gərgin və təhlükəli bir dövr idi. Xarici qüvvələr — həm Rusiya, həm də Qərbdəki bəzi dairələr — Azərbaycanın müstəqilliyini qəbul etmək istəmirdi. Daxildə isə həmin xarici qüvvələrin təsiri altında olan müəyyən qruplar ölkənin sabitliyinə qarşı çıxırdı. Şimalda “Sadval” hərəkatı, cənubda isə Əlikram Hümbətovun rəhbərlik etdiyi separatçı fəaliyyətlər Azərbaycanın ərazi bütövlüyünü və dövlətçiliyini təhdid edirdi”.
Siyasətçi qeyd edib ki, belə ağır və qeyri-müəyyən şəraitdə xalqın və siyasətçilərin ümid yeri Heydər Əliyev idi: “O zaman Naxçıvanda olan Heydər Əliyev 1993-cü ilin 9 iyun tarixində Bakıya dəvət olundu. Müəyyən razılaşmalar əldə olunduqdan sonra, riskli və təhlükəli bir addım ataraq Gəncəyə getdi. Gəncədəki vəziyyət çox gərgin idi və onun həyatı real təhlükə altına düşə bilərdi. Lakin bu missiyanı uğurla yerinə yetirib 13 iyunda yenidən Bakıya qayıtdı.
15 iyun tarixində – parlamentin sədri İsa Qəmbərin istefasından iki gün sonra — Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarix həm “qayıdış”, həm də “qurtuluş”un başlanğıcı kimi qiymətləndirilir. Azərbaycanın o dövrdəki mövcudluq və sabitlik problemi məhz onun liderliyi ilə həllini tapdı. Üsyanlar yatırıldı, separatizm aradan qaldırıldı və ölkə tədricən sabit inkişaf yoluna qədəm qoydu.
Bu dövrdə əsası qoyulan möhkəm təməl sayəsində bu gün Azərbaycan müstəqil, güclü və regionda lider bir dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin nüfuzunun artması da həmin qurtuluşun davamı və nəticəsidir” – deyə o əlavə edib.