Siyasət

“Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib”


“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ordumuzun təməlini qoymuşdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlətimizin başçısı tərəfindən Azərbaycan Korpusunun yenidən yaradılması barədə qərar qəbul olundu və bu proses prioritet istiqamət kimi müəyyən edildi: “Bu addım həm də Azərbaycan ordusunun qədim və güclü hərbi ənənələrə sahib olduğunu bir daha nümayiş etdirdi. Müstəqillikdən sonra Azərbaycan Korpusunun yaradılması milli təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi və bu sahədə xüsusi xidmətlər göstərildi. Bildiyimiz kimi, 70 il ərzində Sovet sistemində aparılan hərbi hazırlıq bizə bu sistemin imkan və məhdudiyyətlərini göstərdi. Lakin bu gün Azərbaycan ordusunun təlim və hazırlıq sistemi mərhələli şəkildə NATO standartlarına uyğunlaşdırılır. Bu dəyişikliklər Azərbaycanın hərbi sahədə müasir tələblərə uyğunlaşmaq və beynəlxalq təhlükəsizlik strukturları ilə uzlaşmaq istiqamətindəki strateji baxışını əks etdirir. Təhlükəsizlik baxımından biz ordumuzun daha da təkmilləşdirilməsi, peşəkar zabit, gizir və əsgər heyətinin hazırlanması, hərbi təhsil müəssisələrinin və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ciddi addımların atıldığını müşahidə etdik. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsinə qədər istər şəxsi heyətin döyüş hazırlığı baxımından, istərsə də maddi-texniki təchizat baxımından əhəmiyyətli dərəcədə inkişaf yolu keçmişdi. Bu inkişafın praktiki nəticələrini biz həm İkinci Qarabağ müharibəsində, həm də sonrakı antiterror tədbirlərində aydın şəkildə gördük. Xüsusilə qeyd olunmalıdır ki, əldə olunmuş uğurlara əsaslanaraq, İkinci Qarabağ müharibəsindən sonra da, Ali Baş Komandanın tövsiyələrinə uyğun olaraq, yeni komanda bölmələrinin yaradılması, onların təchizatının təmin olunması, eyni zamanda qoşun növləri üzrə ordu strukturunun müasirləşdirilməsi, texniki vasitələrlə təminatın artırılması, hərbi hava qüvvələrinin yenilənməsi və bu istiqamətdə yeni avadanlıqların alınması həyata keçirilmişdir. Şübhəsiz ki, bütün bu faktorlar göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan ordusu sürətlə güclənməyə davam edir. Hazırda orduya müasir silahların gətirilməsi, şəxsi heyətin döyüş hazırlığının artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Eyni zamanda, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də davamlı tədbirlər həyata keçirilir. Bütün bu fəaliyyətlər Silahlı Qüvvələrimizin gücünü daha da artırır”.

“Bugünkü reallıq onu göstərir ki, Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib və bütün dünya bunu açıq şəkildə müşahidə edib. Silahlı Qüvvələrimiz hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Cari və gələcək illər üçün nəzərdə tutulan təhlükəsizlik və müdafiə tədbirlərinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür. Müasir dövrdə dünyada baş verən proseslərə baxdıqda təhlükəsizlik hər bir dövlət üçün əsas prioritet məsələlərdən birinə çevrilib. Çünki biz artıq praktiki olaraq müşahidə edirik ki, beynəlxalq hüquq prinsipləri bəzi hallarda nəzərə alınmır və buna əməl edilmir. Bütün bunları nəzərə alaraq düşünürük ki, bundan sonra da Azərbaycan ordusunun inkişaf etdirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, fasiləsiz olaraq yeni nəsil müasir silah sistemlərinin orduya verilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək” – deyə o, əlavə edib.