Sosial

Estetik əməliyyat etdirmək zəruridirmi?


Son onilliklərdə estetik cərrahiyyə tibbin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. Texnoloji irəliləyişlər, cərrahi metodların təkmilləşməsi və insanların öz bədənlərinə olan münasibətində baş verən dəyişikliklər bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırmışdır. Estetik müdaxilələr bir çox hallarda tibbi zərurətdən irəli gəlməsə də, onların sosial və psixoloji təsirləri danılmazdır. Bəs vətəndaşlar bu barədə nələr düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib.

Şəhər sakini Aydın Əhmədli: “Son vaxtlar estetik əməliyyatlar bir dəb halını alıb. Xüsusilə gənclər, bəzən heç ehtiyac olmadığı halda, öz görünüşlərini dəyişdirməyə çalışırlar. Bu, məncə, həm psixoloji, həm də sosial cəhətdən narahatedici tendensiyadır. İnsan özünü olduğu kimi qəbul etməyi öyrənməlidir. Estetik əməliyyata üz tutanların əksəriyyəti ya kompleksdən əziyyət çəkir, ya da başqalarına bənzəməyə çalışır. Halbuki gözəllik təkcə zahirdə deyil, insanın xarakterində, davranışında və düşüncəsindədir. Bundan başqa, bu cür əməliyyatlar az risk daşımır. Uğursuz nəticələrlə qarşılaşan, səhhətində ciddi problemlər yaranan insanlar da az deyil. Həmçinin, bir əməliyyatdan sonra insanlar dayana bilməyib ard-arda başqa müdaxilələrə yönəlirlər. Bu da həm psixoloji asılılıq yaradır, həm də insanı getdikcə təbii halından uzaqlaşdırır”.

Şəhər sakini Səbinə Nəbiyeva: “Fikrimcə, estetik əməliyyatlar cəmiyyətimizdə yanlış gözəllik standartlarının nəticəsidir. İnsanlar sosial mediada və reklamlarda gördükləri “ideal görünüş” arxasınca gedərək, öz fərdiliklərini itirirlər. Bu, xüsusilə gənclər üçün təhlükəlidir, çünki onlar hələ şəxsiyyətlərini formalaşdırma mərhələsindədirlər və xarici görünüşə həddindən artıq əhəmiyyət verirlər. Əslində, insanı dəyərli edən yalnız fiziki görünüş deyil. Təəssüf ki, estetik cərrahiyyə bir çox hallarda daxili narazılığın üzərinə sadəcə bir örtük çəkir. Problemin kökündə dayanan özünəinam çatışmazlığı, psixoloji narahatlıqlar kimi məsələlər həll olunmadan, yalnız görünüşü dəyişdirməklə istənilən nəticə əldə edilmir”.

Şəhər sakini Aygün Cəfərova: “İndi az qala hamı öz üzündən, bədənindən narazıdır. Birinin burnu xoşuna gəlmir, o birisi dodağını bəyənmir, kimsə də yanağını çəkdirmək istəyir. Nə olub bizə?! Hamı özünü başqasına oxşatmaq istəyir. Sanki təbiətin yaratdığı heç nə bəyənilmir. Qardaş, bacı, sən necə doğulmusan, necə varsansa, elə də gözəlsən. Bu nədir, burnunu kəsdir, dodağını şişirt, gözünü dart… İnsan üzünü dəyişə-deyişə axırda özü olmur da, nəyəsə çevrilir, amma adını qoyur “gözəlləşmək”.

Sosial şəbəkədə gördüyü kimisə bəyənir, başlayır özünü ona oxşatmağa. Gözünü, qaşını, bütün simasını pozur ki, bəlkə bir az diqqət çəkə. Amma nəticə nə olur? Üzündə təbəssüm yox, plastik var. Emosiya yox, süni görüntü var. Gözəllik bu deyil axı!”

Şəhər sakini Şahin İsgəndərzadə: “İndi dövr dəyişib. İnsanlar əvvəlki kimi deyil, hamı bir az daha baxımlı, daha səliqəli görünmək istəyir. Televiziyada, internetdə kimə baxırsan, hamı səliqəli üz, düz burun, bəyaz diş… Təbiidir ki, bu şeylər adamın gözünə girir, insan da istəyir özündə nəsə dəyişsin. Kimisi özünü güzgüdə bəyənmir, kimisi kompleks yaşayır. Biri burnunu bəyənmir, o biri yanağını çox görür – gedir estetik əməliyyat etdirir. Bunu pis də demək olmur. Axı hər kəs özünü yaxşı hiss etmək istəyir. Amma bu işin başqa tərəfi də var. Hər şeyin artığı zərərdi. Estetik əməliyyatı həddini bilmədən edənlər var – biri başlayır burundan, sonra keçib dodağa, ordan çənəyə… Axırda da özünü tanımır. Hələ bir də görürsən, cavan-cavan qızlar 18-19 yaşında, heç burnu tam formalaşmayıb, artıq əməliyyat etdirir. Bu qədər də olmaz. İnsan öz yaşını yaşamalıdır.

Estetik əməliyyat kiminsə sağlamlığı üçün lazımdırsa, lap gözəl – qəzadan sonra, doğuş qüsuru və sair. Amma sadəcə kiməsə oxşamaq üçün, ya da başqalarına yaxşı görünmək üçün bu qədər bıçaq altına girməyə nə ehtiyac var? Ən əsası odur ki, insan gərək özü üçün yaşasın, başqalarının baxışına görə yox”.

Şəhər sakini Gülay Hacıyeva: “İndi dünya sürətlə dəyişir və insanlar özünə daha çox diqqət yetirməyə başlayırlar. Məncə, estetik əməliyyatlar bu baxımdan olduqca müsbət bir addımdır. Hər kəs görkəmini daha da gözəlləşdirmək, özünə inamını artırmaq istəyir. Əgər bir insan uzun müddətdir özündəki bəzi qüsurlardan narahatdırsa və peşəkar həkimlərin köməyi ilə onları aradan qaldıra bilirsə, bu, onun xoşbəxtliyinə və sosial həyatının keyfiyyətinə müsbət təsir göstərir.

Əməliyyatlar təkcə fiziki dəyişiklik deyil, bəzən psixoloji vəziyyəti də yaxşılaşdırır. İnsan özünə daha çox güvənəndə, həyatda daha fəal olur, münasibətlərində daha açıq davranır. Bəli, hər əməliyyatın riskləri var, amma texnologiyanın və tibbin inkişafı sayəsində bu risklər minimuma endirilir. Sağlam və planlı şəkildə aparılan estetik müdaxilələr insanın daxili və xarici gözəlliyini önə çıxarır”.